Yuxarı

Bu ilin 8 ayında Azərbaycanda dünyaya gələn körpələrin sayı açıqlanıb

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi: Son illərdə doğulan oğlanların sayı qızların sayından xeyli çoxdur

Bakı. 23 oktyabr. REPORT.AZ/ Bu ilin ilk 8 ayında Azərbaycanda dünyaya gələn körpələrin sayı açıqlanıb. Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin İnformasiya və analitik araşdırmalar şöbəsinin baş məsləhətçisi Aynur Veysəlova "Report"a bildirib ki, 8 ayda ölkədə 93600 körpə doğulub.

O bildirib ki, onlardan 53.2 faizini oğlan, 46.8 faizini qızlar təşkil edir: "Son illərdə doğulan oğlanların sayı qızların sayından xeyli çoxdur. Bunun əsas səbəblərindən biri qız uşaqlarının ailələrdə arzuolunmaz hesab edilməsidir. Çox vaxt uşağın cinsiyyəti bəlli olandan sonra selektiv abortlar, yəni dölün cinsinə görə hamiləliyin süni şəkildə pozulması halları baş verir".

Komitə rəsmisi qeyd edib ki, Azərbaycanda yeni qurulan ailələr çoxuşaqlılığa meyilli deyillər: "Müasir ailələr adətən bir və ya iki övladla kifayətlənirlər ki, həmin övladın da oğlan olmasını istəyirlər".

A.Veysəlovanın sözlərinə görə, körpələrin cinsə görə ayrı seçkiliyə məruz qalması insanların dünyagörüşündən asılı olan bir məsələdir: "Azərbaycanda oğlan nəslin davamçısı kimi görülür". 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi