Yuxarı
    Bağlamaq

    Bu il penitensiar müəssisələrdə cəza çəkməkdən azad edilən mindən çox şəxsə birdəfəlik müavinət ödənilib

    Bu il həmin müəssisələrdə cəza müddəti başa çatmaqda olan 112 nəfər şəxs üçün peşə hazırlığı kursları təşkil edilib© Report.az

    Bakı. 11 may. REPORT.AZ/ Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi bu ilin birinci rübündə penitensiar müəssisələrdə cəza çəkməkdən azad edilən, tibbi və sosial yardıma ehtiyacı olan 1 143 nəfər şəxsi birdəfəlik müavinətlə təmin edib.

    Bu barədə “Report”a nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.

    Məlumata görə, müvafiq qanunvericiliyə uyğun olaraq həmin şəxslərin hər birinə minimum əmək haqqının 4 misli qədər birdəfəlik müavinət ödənilib. Azərbaycan Prezidentinin 2017-ci il yanvarın 21-də imzaladığı sərəncamı ilə ölkədə minimum aylıq əməkhaqqının məbləğinin bu ilin yanvarın 1-dən 116 manata çatdırılması ilə əlaqədar həmin birdəfəlik müavinətin məbləği də cari ilin əvvəlindən 10,47 faiz artırılaraq 464 manata çatdırılıb.

    Nazirlikdən bildirilib ki, penitensiar müəssisələrdə cəza müddəti başa çatmaq ərəfəsində olan şəxslərin bu müəssisələri tərk etdikdən sonra məşğulluq imkanlarına malik olmaları üçün onların əmək bazarının tələblərinə uyğun peşələr üzrə peşə hazırlığına cəlb olunması işləri də davam etdirilir. Bu ilin ötən dövründə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Xidmətinin xətti ilə ayrı-ayrı penitensiar müəssisələrdə cəza müddəti başa çatmaqda olan 112 nəfər şəxs üçün həmin müəssisələrin nəzdindəki peşə məktəblərinin bazasında peşə hazırlığı kursları təşkil edilib. Elektrik qaz qaynaqçısı, avtomobillərin təmiri üzrə çilingər, komputer texnikasının təmiri və s. peşələr üzrə təşkil edilən kursları bitirənlərə sertifikatlar verilib.

    Sosial müdafiəyə xüsusi ehtiyacı olan və işə düzəlməkdə çətinlik çəkən vətəndaşların kateqoriyalarına penitensiar müəssisələrdə cəza çəkməkdən azad edilmiş şəxslər də aiddirlər. Bununla əlaqədar qeyd olunan şəxslərin də müəssisələrdə kvota üzrə ayrılmış iş yerlərində məşğulluğunun təmin olunması üçün məşğulluq orqanları tərəfindən müvafiq işlər görülür.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi