Yuxarı
    Bağlamaq

    Bu il Azərbaycanda məşğulluğu təmin edilən gənclərin sayı məlum olub

    Bu il keçirilən aktiv məşğulluq tədbirlərində 370 müəssisəyə aid 1 838 boş iş yeri tələbə və məzunlara təqdim olunub

    Bakı. 23 dekabr. REPORT.AZ/ Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Xidməti bu ilin yanvar-noyabr aylarında münasib işlərlə təmin etdiyi 55 118 nəfərdən 20 111 nəfəri və ya 36,5 faizi gənclər olub.

    Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən "Report"a verilən məlumata görə, qeyd olunan dövrdə işçi qüvvəsinin əmək bazarında rəqabətədavamlı peşələrə yiyələnməsi üçün 3 560 nəfər (o cümlədən nazirliyin 1 saylı Sağlamlıq İmkanları Məhdud Gənclərin Peşə Reabilitasiya Mərkəzində 320 nəfər) peşə hazırlığı və əlavə təhsil kurslarına cəlb edilib. 

    Onlardan 2 345 nəfərini (66 faiz) gənclər təşkil edib. Xidmətin Bakı, Sumqayıt, Gəncə və Mingəçevir şəhərlərindəki əmək birjaları vasitəsilə boş vaxtları ərzində əlavə qazanc əldə etmək istəyən 2926 nəfər qısa müddətli, o cümlədən birdəfəlik və ya mövsümi işlərə göndərilib. Həmin şəxslərdən 1 227 nəfəri (42 faiz), eləcə də haqqı ödənilən ictimai işlərə göndərilən 1 142 nəfərdən 315 nəfəri (27,6 faiz) gənclər olub.

    Tələbə və məzunların əmək bazarına inteqrasiyasında xüsusi önəm kəsb edən “Karyerada ilk addım” devizi altında aktiv məşğulluq tədbirləri cari ildə də davam etdirilib. Bu il Bakı, Gəncə, Sumqayıt, Lənkəran, Mingəçevir şəhərlərində fəaliyyət göstərən 10 ali təhsil müəssisəsində keçirilən aktiv məşğulluq tədbirlərində 370 müəssisəyə aid 1 838 boş (vakant) iş yeri tələbə və məzunlara təqdim olunub. Tədbirlər zamanı tələbə və məzunlara işəgötürənlərlə ilk əlaqələrin qurulması, onlara özləri barədə məlumatları (CV) təqdim etmələri, habelə əmək bazarı barədə ətraflı məlumat almaları üçün imkanlar yaradılıb.

    Yanvar-noyabr aylarında xidmətin xətti ilə təşkil olunan peşəyönümü tədbirlərində 102 337 nəfər gənc müasir əmək bazarında peşə və ixtisaslara olan tələblər haqqında məlumatlandırılıb. Düzgün peşə və ixtisas seçmələri məqsədilə gənclərə peşəyönümü məsləhətləri verilib və əmək bazarına dair sualları cavablandırılıb, onlara aktiv məşğulluq tədbirləri barədə məlumatları əhatə edən çap materialları təqdim edilib. BMT İnkişaf Proqramı ilə birgə icra edilən “Azərbaycanda İnnovasiyanın və Məşğulluğun İnkişafı” layihəsinin davamı olaraq, Masallı rayonunda və Gəncə şəhərindəki SYSLAB Təlim-Tədris Mərkəzlərində gənclərin SYSLAB (Yenilik və Məşğulluq üzrə Sistem Laboratoriyası) metodologiyası üzrə müasir iş axtarışı bacarıqlarına yiyələnmələrinə dəstək məqsədilə təlimlər təşkil edilib.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi