Yuxarı

Bu il Azərbaycanda istehsalatla əlaqəli 112 bədbəxt hadisə baş verib

İstehsalat qəzalarının əsasən tikinti, emal, energetika, mədənçıxarma, nəqliyyat və s. sahələrdə baş verdiyi müəyyən olunub

Bakı. 12 oktyabr. REPORT.AZ/ Bu ilin 9 ayında Azərbaycanda istehsalatla əlaqəli bədbəxt hadisələr nəticəsində xəsarət alanların sayı 35 faiz azalıb. Bu barədə "Report"a Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.

Məlumata görə, hesabat dövründə istehsalatla əlaqəli bədbəxt hadisələrin sayı 30 faiz azalaraq 112-yə, o cümlədən qrup halında baş verən belə hadisələrin sayı 92 faiz azalaraq 2-yə enib. Bu hadisələr nəticəsində xəsarət alanların sayında isə 35 faiz azalma qeydə alınıb. İstehsalat qəzalarının əsasən tikinti, emal, energetika, mədənçıxarma, nəqliyyat və s. sahələrdə baş verdiyi müəyyən olunub.

Qeyd edək ki, bu ilin ötən dövründə əmək qanunvericiliyinə əməl olunmasına dövlət nəzarətinin həyata keçirildiyi müəssisələrdə əməyin mühafizəsi tələblərinin yerinə yetirilmə vəziyyətinə xüsusi diqqət göstərilib, bu sahədə aşkar olunan nöqsan və çatışmazlıqların aradan qaldırılması üçün məqsədyönlü tədbirlər görülüb. Əməyin mühafizəsi üzrə mütəxəssislərin bilik və peşəkarlıq səviyyələrinin yüksəldilməsi üçün onların müvafiq tədris kurslarına cəlb edilməsi təmin olunub. Bu il yanvarın 26-dan fevralın 5-dək "Təhlükəsiz iş ongünlüyü", aprel və sentyabr aylarında “Təhlükəsiz iş aylığı” keçirilərək, bu tədbirlər çərçivəsində işəgötürənlərin əməyin mühafizəsinə diqqətinin və sosial məsuliyyətinin artırılması, onların maarifləndirilməsi istiqamətində davamlı işlər aparılıb. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi