Hazırda həmin sosial xidmət müəssisələrində 1024 nəfər şəxs tam dövlət himayəsində yaşamaqla, daimi olaraq yaşayış şəraiti, qida, geyim və tibbi xidmətlə təmin olunurlar.
Dövlət himayəsinə götürülmüş şəxslərdən 716 nəfəri 18 yaşından yuxarı şəxslər olmaqla nazirliyin Bilgəh Müharibə və əmək əlilləri pansionatında, Şamaxı 1 saylı, Göygöl 8 saylı, Buzovna 9 saylı ruhi-əsəb internat evlərində və Gəncə Pensiyaçılara Ərazi Sosial Xidmət Mərkəzində yerləşdiriliblər. Qalan 308 nəfər isə sağlamlıq imkanları məhdud 18 yaşadək uşaqlardır ki, onlar müvafiq olaraq ƏƏSMN-in xüsusi qayğıya ehtiyac duyan uşaqlar üçün Şaqan 3 saylı və Saray 7 saylı internat evlərində yaşayırlar.
Son illərdə Heydər Əliyev Fondunun “Uşaq evləri və internat məktəblərinin inkişafı” Proqramı çərçivəsində Şaqan 3 saylı və Saray 7 saylı internat evlərində əsaslı təmir və yenidənqurma işləri aparılmaqla, bu müəssisələrdə uşaqlar üçün nümunəvi şərait yaradılıb. Bununla yanaşı, “Azərbaycan Respublikasında dövlət uşaq müəssisələrindən uşaqların ailələrə verilməsi (De-institusionalizasiya) və alternativ qayğı Dövlət Proqramı (2006-2015-ci illər)” çərçivəsində uşaqların doğma ailə mühitinə qaytarılması istiqamətində də işlər aparılır. Belə ki, cari ilin ötən dövründə hər iki internat evindən ümumilikdə 28 nəfər uşaq ailələrinə verilib.