Səlim Müslümov: "Bölgələrdə müharibə əlilləri və şəhid ailələri üçün 400-ə yaxın fərdi ev tikilir"

Səlim Müslümov: "Bölgələrdə müharibə əlilləri və şəhid ailələri üçün 400-ə yaxın fərdi ev tikilir" Nazir Cəlilabadda 5 rayonun sakinləri ilə görüşüb
Sosial müdafiə
26 May , 2015 20:59
Səlim Müslümov: Bölgələrdə müharibə əlilləri və şəhid ailələri üçün 400-ə yaxın fərdi ev tikilir

Bakı. 26 may. REPORT.AZ/ Əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov Cəlilabadda 5 rayonun (Cəlilabad, Biləsuvar, Cəbrayıl, Salyan, Neftçala) sakinlərini fərdi qaydada qəbul edib. Bu barədə "Report"a nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.

Açıq qapı şəraitində keçən qəbul zamanı vətəndaşların ayrı-ayrı sosial təminat növləri, habelə mənzil və minik avtomobili, reabilitasiya vasitələri və bərpa-müalicə xidməti ilə təmin olunma, məşğulluğun və əmək hüquqlarının təminatı və digər məsələlərlə əlaqədar müraciətləri dinlənilib. 

S.Müslümov müraciətlərdə qaldırılan məsələlərin araşdırılaraq qanunauyğun tədbirlər görülməsi, ayrı-ayrı əlilliyi olan şəxslərin ehtiyac duyduqları reabilitasiya vasitələri, bərpa-müalicə müəssisələrinə göndəriş, dövlət hesabına minik avtomobili ilə təmin olunmaq üçün tibbi göstərişinin olub-olmamasının müəyyən edilməsi və s. barədə nazirliyin aidiyyəti struktur bölmələrinin məsul şəxslərinə tapşırıqlar verib.

Növbədə dayanan şəxslərin mənzillə təmin olunmaq barədə müraciətlərini cavablandıran S.Müslümov deyib ki, hazırda respublikanın bölgələrində müharibə əlilləri və şəhid ailələri üçün 379 fərdi ev tikilir: "Eyni zamanda, sakinlərini qəbul etdiyimiz Cəlilabad rayonunda bu təbəqələrdən olanlar üçün 2, Biləsuvar rayonunda 3, Neftçala rayonunda 10 fərdi ev tikilir. Salyan rayonunda isə 18 fərdi evin inşası işləri artıq tamamlanmaq üzrədir. Cari il ərzində bu rayonlarda yeni fərdi evlərin tikintisinə başlanması da nəzərdə tutulur".

Ayrı-ayrı ümumi səbəbdən əlilliyi olan şəxslərin mənzillə təmin olunmaq barədə müraciətləri ilə əlaqədar S. Müslümov bildirib ki, nazirliyin sifarişi əsasında inşa olunan mənzillər ölkənin ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar sağlamlıqlarını itirmiş vətəndaşlar və şəhid ailələri üçün nəzərdə tutulub. Ümumi səbəblərdən əlilliyi olan şəxslərin mənzillə təminatı nazirliyin səlahiyyətlərinə aid deyil və belə şəxslər mənzil-məişət şəraitlərinin yaxşılaşdırılması ilə əlaqədar yaşadıqları rayonun və ya şəhərin İH-lərinə müraciət etməlidirlər. Eyni zamanda, məcburi köçkün olan Qarabağ əlilləri və şəhid ailələri də Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi tərəfindən inşa etdirilən qəsəbə və komplekslərdə məcburi köçkünlərlə birgə mənzillə təmin olunurlar.

Qəbul zamanı məşğulluq məsələləri ilə əlaqədar müraciət edən bir sıra şəxslərin özlərinin, yaxud ailə üzvlərinin münasib işlə təmin olunması məsələləri yerindəcə həll olunub və onlara boş (vakant) iş yerlərinə göndərişlər verilib. 

Son xəbərlər

Orphus sistemi