BMT-nin Qadınlara Qarşı Ayrı-seçkiliyin Ləğv edilməsi üzrə Komitəsi siyasətdə iştirak edən qadınlara qarşı mənfi münasibətlər və ayrı-seçkilik xarakterli hərəkətlərlə mübarizə üçün tədbirlər görmək, o cümlədən məktəblərdə, parlamentdə və ümumi əhali arasında maarifləndirmə və məlumatlandırma kampaniyaları həyata keçirməklə bağlı Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinə tövsiyə verib.
“Report”un xəbərinə görə, bu, BMT-nin Qadınlara Qarşı Ayrı-seçkiliyin Ləğv edilməsi üzrə Komitəsinin Azərbaycan Respublikasının sonuncu dövri hesabatları ilə bağlı tövsiyələr sənədində öz əksini tapıb.
Sənəddə qeyd olunub ki, qadın siyasətçilər və namizədlər üçün siyasi kampaniyaların aparılması, liderlik və danışıq aparmaq bacarıqları üzrə potensialın gücləndirilməsi tədbirləri təşkil etmək və KİV-lə əməkdaşlıq yolu ilə siyasətçilər, KİV, dini və icma liderləri və ümumi əhali arasında qadınların insan hüquqlarının tam həyata keçirilməsi və iştirakçı dövlətdə siyasi sabitliyin və dayanıqlı inkişafın əldə olunması üçün tələb kimi siyasi və ictimai həyatda qadınların kişilərlə bərabər əsaslarla tam, müstəqil və demokratik iştirakının vacibliyi barədə maarifləndirmə işləri aparılmalıdır.