Yuxarı

Bir qrup əlilliyi olan şəxs Türkiyəyə bərpa müalicəsinə göndərilib

Ümumilikdə 190 nəfərin xaricdə ixtisaslaşmış bərpa-müalicəsinin təşkili nəzərdə tutulur

Bakı. 2 aprel. REPORT.AZ/ Bu gün Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (ƏƏSMN) tərəfindən 28 nəfər əlilliyi olan şəxs Heydər Əliyev adına Beynəlxalq Hava Limanından Türkiyə Respublikasına bərpa müalicəsinə yola salınıb. Bu barədə "Report"a nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.

Əlilliyi olan şəxslərin yola salınması zamanı ƏƏSMN-in nazir müavini Natiq Məmmədov həmin şəxslərin Türkiyənin Dənizli bölgəsində yerləşən Nobel Tibb Mərkəzində bərpa-müalicə kursu keçəcəklərini diqqətə çatdıraraq deyib ki: "Dənizli bölgəsi müalicəvi təbii resursları, o cümlədən mineral bulaqları, şəfalı suyu, təbii palçıq sahələri və s. ilə zəngin bir sanator-kurort məkanı kimi dünyada məşhurdur. Buradakı Nobel Tibb mərkəzi səmərəli fizioterapevtik müalicə metodları (hidroterapiya, palçıq müalicəsi, tibbi masaj, sudaxili məşqlər, mexanoterapiya, hidroprosessor və s.), peşəkar həkim-reabilitoloq personalı və xidmət səviyyəsi ilə nüfuz qazanmış bərpa müəssisələrindən biridir. Mərkəzdə bölgənin qeyd olunan müalicəvi təbii potensialından geniş istifadə olunmaqla yanaşı ən müasir tibbi reabilitasiya vasitələri tətbiq olunur və aparılan bərpa-müalicə prosedurları əlilliyi olan şəxslərin səhhətində ciddi yaxşılaşma yaradır".

N.Məmmədov bildirib ki, ölkədə bütün sosial proqramların cari ildə də uğurla davam etdirilməsi əlilliyi olan şəxslərin və sağlamlıq imkanları məhdud uşaqların xaricdə ixtisaslaşmış bərpa-müalicəsinin təşkili sahəsində də özünü göstərir: "Bu il ərzində nazirlik tərəfindən 115 nəfər əlilliyi olan şəxsin və valideynlərindən birinin müşayiəti ilə 75 nəfər sağlamlıq imkanları məhdud uşağın, ümumilikdə 190 nəfərin xaricdə ixtisaslaşmış bərpa-müalicəsinin təşkili nəzərdə tutulur. Bu da ötən ilin müvafiq göstəricisi ilə müqayisədə 20 faizədək çoxdur".

Nazir müavini qardaş ölkəyə bərpa-müalicəsinə yola salınan şəxslərin orada 5 ulduzlu hoteldə yerləşdiriləcəklərini, onların bərpa müalicəsinə nəzarət etmək, habelə müvafiq reabilitasiya təcrübəsinin öyrənilməsi məqsədilə ƏƏSMN-in bir nəfər həkiminin Türkiyəyə ezam olunduğunu da qeyd edib.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi