​Binaların pəncərələrində reklam lövhələrinin asılması necə tənzimlənir?

​Binaların pəncərələrində reklam lövhələrinin asılması necə tənzimlənir? “Reklam sakinlərin rahatlığını pozmamalı, ətraf mühit üçün təhlükə törətməməlidir”
Sosial müdafiə
27 İyul , 2015 15:50
​Binaların pəncərələrində reklam lövhələrinin asılması necə tənzimlənir?

Bakı. 27 iyul. REPORT.AZ/ Son zamanlar Bakı şəhərində bəzi hündürmərtəbəli binalarda yerləşən mənzillərin pəncərələrində reklam lövhələrinin yerləşdirilməsinin şahidi oluruq. Ümumiyyətlə, bu cür səhnələrə dünyanın inkişaf etmiş ölkələrinin inkişaf etməkdə olan şəhərlərində rast gəlmək mümkündür. Hətta bəzilərində bu cür reklam bir prestij sayılır. Məsələn, Türkiyənin böyük şəhərlərində fəaliyyət göstərən vəkillərin demək olar ki, böyük əksəriyyəti hündürmərtəbəli binanın ikinci, yaxud daha yuxarı mərtəbələrində yerləşən ofislərdə fəaliyyət göstəririlər. Hər bir vəkil öz ofisinin pəncərəsində, yaxud eyvanında özü və işi barəsində reklam yerləşdirir.

Bəs bu məsələ Azərbaycanda necə tənzimlənir?

Vəkil Paşa Səfərov “Report”a deyib ki, belə bir məlumat yerləşdirilərkən ilk öncə onun reklam xarakterli olub-olmamasına diqqət yetirmək lazımdır: “Reklam xarakterli olmayan hər hansı bir məlumatın pəncərədən və ya eyvandan asılması qanunla qadağan edilməyib. Lakin reklam xarakterli məlumatın asılması bir qədər fərqlidir. Belə ki, “Reklam haqqında” qanuna görə, bu cür reklamlar barəsində hər hansı bir müddəa nəzərdə tutulmur. Lakin yaşayış binasında yerləşdirilən reklamlardan söhbət gedir və həmin reklamlar da “açıq məkanda reklam” adlanır.

Həmin qanunun 26.4-cü maddəsinə əsasən, yaşayış binasında yerləşdirilən reklam onun təhlükəsiz istismarına, mənzillərin havalandırılmasına, təbii işıqlandırılmasına mane olmamalı, sakinlərin rahatlığını pozmamalı, ətraf mühit üçün təhlükə törətməməlidir”.

P.Səfərov bildirib ki, pəncərələrdən reklamın asılması qanunla qadağan edilmir və hətta buna icazə mövcuddur: “Belə ki, Tarif Şurasının 13 iyul 2012-ci il tarixli “Küçə reklamının yayımı üzrə tariflərin tənzimlənməsi barədə” qərarının 1-ci bəndinə əsasən, Bakı şəhəri üzrə bir kvadratmetr (səyyar və ya stasionar) küçə reklamının yayımı məqsədilə hasarlarda, vitrin və pəncərələrdə aylıq tariflər “A” zonası üçün 6 manat, “B” zonası üçün 5 manat, “C” zonası üçün 4 manat təşkil edir. Bu məbləğlərə ƏDV daxil deyil və Sumqayıt, Gəncə, Mingəçevir, Şirvan, Xırdalan şəhərləri və Abşeron rayonu üzrə tariflər göstərilən tariflərə 0,7, digər regionlar üzrə isə 0,5 əmsalı tətbiq edilməklə müəyyənləşdirilir.

Küçə reklamının yayımı məqsədilə ödəniş Nazirlər Kabinetinin 23 aprel 2008-ci il tarixli, 92 nömrəli qərarı ilə təsdiq edilmiş “Küçə reklamı lövhəsinin yerləşdirilməsinə verilən icazə sənədinin forması”na müvafiq olaraq icazə verən orqan tərəfindən icazə sənədində göstərilən müddətə və bu qərarla müəyyənləşdirilmiş tariflərə uyğun olaraq həyata keçirilir”.

Zonalara gəlincə, bu əlamətlər Nazirlər Kabinetinin 23 aprel 2008-ci il tarixli, 92 nömrəli qərarı ilə təsdiq edilmiş “Küçə reklamının yayımı və reklam tarifi zonalarının müəyyən edilməsi” qaydalarına görə müəyyən edilir. Belə ki, qaydaların 2.2-ci bəndinə görə, “A“ zonası (mərkəzi zona): əhalinin və nəqliyyatın intensivliyinin daha çox olduğu şəhərin (rayonun) iri yaşayış, ticarət və inzibati mərkəzlərini birləşdirən prospektlər, küçələr, mərkəzi meydanlar və onların ətrafındakı ərazilər; “B” zonası (mərkəzə yaxın zona): şəhər (rayon) mərkəzindən nisbətən kənarda və əsasən bir inzibati rayon ərazisində yerləşən yaşayış, ictimai və sosial yönümlü obyektləri birləşdirən küçələr, prospektlər və onların ətrafındakı ərazilər; “C” zonası (ətraf zona): A və B zonalarına aid edilməyən digər ərazilər hesab edilir.

Qeyd edək ki, küçə reklamının mətnləri Azərbaycan dilində yazılmalıdır. Xarici dildə küçə reklamı kiçik şriftlərlə ikinci mətn kimi verilə bilər.

Son xəbərlər

Orphus sistemi