Bakı. 7 dekabr. REPORT.AZ/ Biləsuvarda Avropa İttifaqının (Aİ) və Birləşmiş Millətlər Təşkilatı İnkişaf Proqramının (BMTİP) maliyyə dəstəyi ilə yeni Qadın Resurs Mərkəzi açılıb.
BMT-nin Azərbaycandakı ofisindən "Report"a verilən məlumata görə, mərkəz Azərbaycan Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, BMTİP və Rasional İnkişaf uğrunda Qadınlar Cəmiyyəti ilə birgə həyata keçirdiyi layihənin çərçivəsində açılır.
Bu mərkəzin məqsədi qadınların sosial həyatda aktiv iştirakını gücləndirməyə kömək etməkdən ibarətdir. Mərkəz qadınların iqtisadi və sosial təşəbbüslərini planlaşdırmaq və əlaqələndirmək, eləcə də bacarıqlarının inkişafı,sahibkarlıq fəaliyyəti, peşə təhsili və özünü təqdimat üzrə müxtəlif imkanlarla təmin etmək üçün ictimai platforma kimi fəaliyyət göstərəcək.
Biləsuvar İcra Hakimiyyətinin başçısı Mahir Quliyev rayonda Qadın Resurs Mərkəzinin həm şəhər, həm də ətraf kəndlərdə qadınlara dəstəkdə əhəmiyyətini vurğulayıb.
BMTİP Azərbaycan üzrə rezident nümayəndəsi Qulam İshaqzai Biləsuvar və digər regionlarda belə mərkəzlərin beynəlxalq kampaniyaların vaxt hüdudlarından kənarda gender əsaslı zorakılığın mənfi təsirləri haqqında maarifləndirməninyerli səviyyədə aparmaqda yardım edəcəyinə ümidvar olduğunu bildirib.
Açılış mərasimindən sonra 13 qadına layihə çərcivəsində öz bizneslərini başlamaq üçün sertifikat verilib.