Beynəlxalq Miqrasiya Təşkilatı: Dünyada insan alveri qurbanı olanların əksəriyyəti kişilərdir

Beynəlxalq Miqrasiya Təşkilatı: Dünyada insan alveri qurbanı olanların əksəriyyəti kişilərdir Bakıda “Avropa İttifaqının İnsan Alverinə Qarşı Mübarizə” günü adlı tədbir keçirilib
Sosial müdafiə
120
18 Oktyabr , 2017 10:39
Beynəlxalq Miqrasiya Təşkilatı: Dünyada insan alveri qurbanı olanların əksəriyyəti kişilərdir
Report/ Elshan Baba

Bakı. 18 oktyabr. REPORT.AZ/ Bakıda “Avropa İttifaqının İnsan Alverinə Qarşı Mübarizə” günü adlı tədbir keçirilib.

"Report"un məlumatına görə, tədbir Avropa İttifaqının Azərbaycandakı Nümayəndəliyi və Beynəlxalq Miqrasiya Təşkilatının Bakıdakı Nümayəndəliyi (BMqT) tərəfindən təşkil olunub.

Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyinin rəhbəri Kestutis Yankauskas Azərbaycanda və Avropa İttifaqına daxil olan ölkələrdə insan alverinə qarşı mübarizə ilə bağlı görülən işlərdən danışıb.

Daxili İşlər Nazirliyinin İnsan alveri ilə mübarizə üzrə baş idarəsinin rəisi polis polkovniki Heydər Heydərov qeyd edib ki, Azərbaycanda insan alverinə qarşı kompleks tədbirlər 12 ildən artıqdır davam etdirilir. Onun sözlərinə görə, Azərbaycanda insan alverinin qurbanlarının reabilitasiyası üçün 20-dən çox normativlər qəbul olunub. H.Heydərov vurğulayıb ki, Azərbaycanın insan alveri ilə mübarizə üzrə qanunvericiliyi ölkənin üzv olduğu beynəlxalq təşkilatların standartlarına uyğundur.

BMT Miqrasiya Təşkilatının (BMqT) Azərbaycandakı nümayəndəliyinin rəhbəri Serhan Aktoprak çıxışında deyib ki, Azərbaycanda insan alverinə qarşı mübarizə ilə bağlı güclü iradə mövcuddur və Miqrasiya Təşkilatı ölkənin bu problemi ilə mübarizədə apardığı addımlardan məmnundur. 

S.Aktoprak bildirib ki, son illərdə dünyada insan alverinin qurbanı olanların əksəriyyəti kişilərdir: "İstismara məruz qalan insanlar orta hesabla 2 aydan 2.5 ilə qədər müddətdə qanunsuz əməyə cəlb olunurlar. Kişilərin əksəriyyəti tikinti və balıqçılıq sahəsində, qadınlar zavodlarda, dayə və ya fahişələr kimi, uşaqlar isə dilənçilər kimi istismar olunur".

Çıxışlardan sonra tədbir panel müzakirələrlə davam etdirilib.

Qeyd edək ki, tədbir hazırda BMqT tərəfindən icra olunan “Azərbaycanda insan alverinə qarşı mübarizə üzrə potensialların artırılması” layihəsi çərçivəsində keçirilib. Layihə hərtərəfli və çox istiqamətli yanaşma tətbiq etməklə insan alverinə qarşı mübarizə sahəsində və transmilli mütəşəkkil cinayətkarlıqla mübarizədə Azərbaycan hökumətini dəstəkləmək məqsədi daşıyır.

Son xəbərlər

Orphus sistemi