Bərdədə Qadın Resurs Mərkəzinin açılışı olub

Bərdədə Qadın Resurs Mərkəzinin açılışı olub BMT-nin İnkişaf Proqramı (BMTİP) çərçivəsində Bərdədə Qadın Resurs Mərkəzinin açılışı olub.
Sosial müdafiə
23 May , 2022 17:27
Bərdədə Qadın Resurs Mərkəzinin açılışı olub

BMT-nin İnkişaf Proqramı (BMTİP) çərçivəsində Bərdədə Qadın Resurs Mərkəzinin açılışı olub.

"Report"un Qarabağ bürosunun verdiyi məlumata görə, Mərkəzin açılışında Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova, Böyük Britaniyanın Azərbaycandakı səfiri Ceyms Şarp, BMTİP-in Azərbaycandakı rezident-əlaqələndiricisinin müavini Çaru Bista iştirak edib.

Bildirilib ki, Bərdədə yerləşən Mərkəz “İqtisadi və sosial iştirakın artmasına mane olan əngəlləri aradan qaldırmaq, Azərbaycanda münaqişədən təsirlənmiş həssas qruplara daxil olan qadınların səlahiyyətlərinin artırılması və onlar üçün, bərabər imkanların yaradılması" layihəsi çərçivəsində istifadəyə verilib.

Layihə BMTİP-in və AQUPDK tərəfindən, həmçinin Britaniya hökümətinin dəstəyi ilə həyata keçirilir. Layihənin uzunmüddətli məqsədi münaqişələrdən zərər çəkmiş qadınların münaqişə və travmalara qarşı davamlılığını artırmaqdır. Layihənin hədəf kütləsinə məcburi köçkün qadınlar, ailə, uşaq və qadın məsələləri, qaçqın və məcburi köçkünlər və əmək və əhalinin sosial müdafiəsinə məsul dövlət qurumları, dövlət xidmətləri göstərən müəssisələr, yerli icra hakimiyyəti orqanları və bələdiyyələr, özəl şirkətlər və yerli icmalar daxildir.

Qeyd edilib ki, Bərdədə istifadəyə verilən Mərkəz BMTİP-in və Dövlət Komitəsinin 2011-ci ildən bəri Azərbaycanın 15 regionunda açdığı Qadın Resurs Mərkəzlərinin modeli üzərinə qurulub. Layihənin davam edəcəyi 2024-cü ilədək olan müddət ərzində 360 qadının biznesin inkişafı təlimlərinə cəlb olunması, 540 qadının peşə təlimlərində iştirakı, 800 qadına psixoloji, 600 qadına isə hüquqi dəstək göstərilməsi gözlənilir.

Son xəbərlər

Orphus sistemi