Yuxarı
    Bağlamaq

    ​Baş nazirin müavini: "150 min məcburi köçkün olduqca çətin şəraitdə yaşayır"

    15 min məcburi köçkünün mənzil-məişət şəraitinin yaxşılaşdırılması üçün tikinti işləri aparılıb

    Bakı. 11 yanvar. REPORT.AZ/ "150 min nəfər məcburi köçkün Bakıda istismara yararsız yataqxana, pansionat, yarımçıq tikililərdə olduqca çətin şəraitdə yaşayır".

    "Report" xəbər verir ki, bunu baş nazirin müavini Əli Həsənov yanvarın 10-da Nazirlər Kabinetinin Azərbaycan Prezidenti İlham Əliyevin sədrliyi ilə keçirilmiş 2015-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında bildirib.

    O qeyd edib ki, "vaxtilə təklifimiz nəticəsində Abşeron rayonunun Qobu qəsəbəsində yaşayış massivinin layihələndirilməsinə başlanılıb. Hesab edirəm ki, Bakı şəhərində vəziyyəti yüngülləşdirməyin çıxış yolu, imkan yarananda, həmin yaşayış massivinin layihələndirilməsi və tikilməsidir".

    "Tapşırığınız əsasında məcburi köçkünlərə nəzərdə tutulan güzəştlərin tam təhlili aparılıb, 2016-cı ildə komitəyə ayrılan büdcədən 40 milyon manata qədər vəsaitə qənaət edilməsi üçün təkliflər hazırlanıb. Həmin təkliflər aidiyyəti nazirlərlə müzakirədən sonra yaxın vaxtlarda zati-alinizin diqqətinə təqdim ediləcək.

    Məlumat üçün bildirirəm ki, 2015-ci ildə komitəyə ayrılmış büdcədən, yaranmış maliyyə çətinlikləri nəzərə alınaraq, 5 milyon manat vəsaitə qənaət edilib", - deyə Əli Həsənov bildirib.

    Nazir müavini qeyd edib ki, 2015-ci ildə ölkəmizdə həyata keçirilən çoxsaylı sosial layihələrdən məcburi köçkünlər də bəhrələniblər.

    "Bütün çətinliklərə baxmayaraq, son illərdə məcburi köçkünlərin sosial müdafiəsinə diqqət artırılıb. Büdcədən 2016-cı ildə sosial sahəyə yönəldilmiş vəsaitin həcmində hətta 2014-cü ilə nisbətən artım var.

    Ölkənin ən həssas qrupu olan məcburi köçkünlərə 2015-ci ildə Mingəçevir, Şirvan şəhərlərində, Hacıqabul, Saatlı, Abşeron, Bərdə, Sabirabad, Qazax, Zaqatala, Bakının Qaradağ, Sabunçu rayonlarında məskunlaşan 15 min məcburi köçkünün mənzil-məişət şəraitinin yaxşılaşdırılması üçün tikinti işləri aparılıb, 5 yeni qəsəbə salınaraq yaşayış massivlərinin sayı 94-ə çatdırılıb.

    2015-ci il fevralın 24-də Mingəçevir şəhərində, martın 12-də isə Bərdə rayonu ərazisində məcburi köçkün ailələri üçün salınmış yeni yaşayış komplekslərinin açılışı olub.

    Heydər Əliyev Fondunun bilavasitə təşəbbüsü və dəstəyi ilə Xırdalan şəhərində 600 məcburi köçkün üçün inşa edilmiş binanın 2015-ci il mayın 10-da keçirilmiş açılışında Fondun prezidenti Mehriban Əliyeva ailə üzvləri ilə birlikdə iştirak edib", - deyə o söyləyib.

    Əli Həsənov dövlət büdcəsindən ayrılan vəsaitlərin təyinatı üzrə, şəffaf şəraitdə xərclənməsi ilə bağlı bildirib ki, məcburi köçkünlərin istifadə etdikləri kommunal xərclər müəyyənləşdirilmiş normativlər üzrə mərkəzləşmiş qaydada, birbaşa xəzinədarlıq vasitəsilə xidmət təşkilatlarına, müavinətlər isə plastik kartlarla ödənilir. Nəticə etibarilə artıq 10 ildir ki, vəsaitlərin ödənişində canlı təmas amili tam aradan qaldırılıb.

    Onun sözlərinə görə, bu sahədə işlərin təkmilləşdirilməsi həm müvafiq icra hakimiyyətləri, həm də xidmət təşkilatları ilə birlikdə həyata keçirilir. Qaz və elektrik enerjisi sahəsində sayğaclaşma işləri tam başa çatdırılıb.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi