Yuxarı
    Bağlamaq

    Bakıda piyada zolaqları problemi - ARAŞDIRMA

    Ərazidə zolağın çəkilməsinə ehtiyac duyulursa vətəndaşlar Bakı şəhər Dövlət Yol Polisi İdarəsinə müraciət edə bilərlər

    Bakı. 4 avqust. REPORT.AZ/ Bakı şəhəri Azərbaycanda əhalinin ən çox məskunlaşdığı ərazidir. Buna görə də yollarda sıxlıq və qəza halları qaçılmaz olur. Sıxlıq və qəzanın səbəblərindən biri yeraltı və yerüstü keçidlərdən vətəndaşların ya istifadə etməmələri, ya da həmin keçidlərin lazımi yerlərdə ümumiyyətlə olmamasıdır. Bu hallar isə insanların həyatı üçün təhlükə yaradır və yol qəzalarının artmasına səbəb olur.

    Son dövrdə müasir tipli yeraltı və yerüstü piyada keçidləri tikilir və istifadəyə verilir. Ancaq yenə də paytaxt ərazisinin müəyyən hissələrində piyada yolun bir kənarından digərinə keçmək üçün ya uzun məsafə qət etməli, ya da təhlükəli yoldan keçməli olur. Yəni, lazımi qədər piyada keçidləri inşa olunmayıb. Piyada keçidlərinin inşası xeyli vaxt və xərc tələb etdiyi üçün daha çətin başa gəlir. Lazımi yerlərdə piyada zolaqlarının çəkilməsi isə əksinə, cüzi vəsait və qısa müdət tələb edir.

    "Report" problemin həlli yollarını araşdırıb.

    Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin (BŞDYPİ) İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis polkovnik-leytenantı Vaqif Əsədov "Report"a açıqlamasında qeyd edib ki, piyada zolaqları adətən yol kəsişmələrində, yol birləşmələrində, əhalinin sıx yaşadığı, xüsusi ilə piyadaların sıx hərəkət etdiyi ərazilərdə qoyulur.

    O bildirib ki, "zebra" kimi tanınan piyada zolaqları ilə hərəkət edən sürücülər mütləq hərəkətdə olan piyadalara yol verməlidir: "Əks halda, onlar məsuliyyət daşıyırlar. "Yol hərəkəti haqqında" qanunun 40-cı maddəsində piyadaların hüquq və vəzifələri verilib. Əgər bu maddənin tələbləri piyadalar tərəfindən pozulursa İnzibati Xətalar Məcəlləsinin 153-cü maddəsinə uyğun olaraq onlar məsuliyyətə cəlb edilir".

    Şöbə rəisinin sözlərinə görə, qeydə alınan yol-nəqliyyat hadisələrinin çox faizini məhz piyadaların vurulması təşkil edir: "Piyadalar özləri də təmkinli olmalıdır. Piyada diqqətsizliyi, sürücü səhlənkarlığı istənilən an qəza hadisəsi ilə nəticələnə bilər. Yol polisi təhlükəsizliyin təmin edilməsində funksional vəzifəsinə uyğun fəaliyyət göstərsə də, hərəkət iştirakçılarından da çox şey asılıdır".

    Vaqif Əsədov deyib ki, bəzən piyada zolaqları avtomobillərin sıxlığına səbəb olur: "Bunun səbəbi isə insanların gözləmədən, bir-birinin ardınca hərəkət etməsidir. Sürücülərin dayanıb piyadaların hərəkətinə mane olmamaları avtomobil sıxlığı yaradır. Bunun çıxış yolu piyadalar bir-birilərini gözləyib qrup halında hərəkət etməsidir. Yəni, sürücülər piyadaları, piyadalar da sürücüləri gözləməlidir. Yol hərəkətində mədəniyyətin formalaşmasına, "Yol hərəkəti haqqında" qanunun öyrənilməsinə ehtiyac var".

    O qeyd edib ki, BŞDYPİ-nin əməkdaşları gündəlik müayinələr həyata keçirərək zolaqların lazımi yerlərdə olub-olmamasını yoxlayır: "Əgər hər hansı ərazidə zolağın çəkilməsinə ehtiyac duyulursa, vətəndaşlar Bakı şəhər Dövlət Yol Polisi İdarəsinə müraciət edə bilərlər. Onların müraciəti əsasında həmin əraziyə baxış keçiriləcək. Məsləhət bilinən ərazilərdə zolaqlar qoyulacaq".

    "Digesta" hüquq firmasının direktoru Ərşad Hüseynov isə "Report"a bildirib ki, piyada keçidlərini hər yerdə tətbiq eləmək olmaz. Lakin lazım olan yerdə tətbiq etməmək də düzgün deyil: "Yol hərəkətinin təşkilinin şərtləri var. Piyada keçidləri adətən yol ayrıclarında olur. Əgər ehtiyac varsa kənar yerlərdə də ola bilər və bu, hərəkət şiddətindən asılıdır. Piyada zolaqlarından istifadə elə təşkil olunmalıdır ki, avtomobillərin hərəkəti iflic olmasın".

    Hüquqşünas xatırladıb ki, ölkə qanunvericiliyində piyadaların sayı çox olduqda işıqforun qoyulması ilə bağlı müddəalar var: "Əgər il ərzində iki dəfə piyadaların vurulması ilə qəza hadisəsi baş veribsə, mütləq həmin əraziyə işıqfor qoyulmalıdır. Bununla bağlı konkret meyarlar da var".

    Ekspert bildirib ki, piyada keçidlərinin, zolaqların qoyulması ilə bağlı Azərbaycanda iki qrum - Nazirlər Kabinetinin Yol Hərəkəti Təhlükəsizliyi Komissiyası, icraçı orqan qismində Baş Dövlət Yol Polisi İdarəsi məşğul olur: "Bu məsələ ilə bağlı vətəndaşlar Baş Dövlət Yol Polisi İdarəsinə müraciət etməlidirlər". 

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi