Bakıda itlərin buruntaqsız gəzdirilməsinin qarşısı niyə alınmır? - VİDEO

Bakıda itlərin buruntaqsız gəzdirilməsinin qarşısı niyə alınmır? - VİDEO İt sahibləri qanunvericiliyin tələblərini pozurlar, insanların həyatına ciddi təhlükə yaradırlar
Sosial müdafiə
17 Avqust , 2015 17:15
Bakıda itlərin buruntaqsız gəzdirilməsinin qarşısı niyə alınmır? - VİDEO

Bakı. 17 avqust. REPORT.AZ/ Bakıda insanların intensiv hərəkət etdikləri mərkəzi küçələrdə, sakinlərin istirahət etdikləri, toplaşdıqları parklarda ev itlərinin gəzdirilməsinə tez-tez rast gəlinir. İlk baxışda burada qeyri-adi heç nəyin olmadığını düşünmək olar. Doğrudan da əgər sahibləri qanunvericiliyə və qaydalara əməl etsələr, ev itlərinin gəzdirilməsində qeyri-adi heç nə yoxdur. 

"Report" əməkdaşlarının paytaxtın müxtəlif yerlərində apardıqları müşahidələrə görə, sahibləri itlərini gəzdirən zaman qanunvericiliyin tələblərini pozurlar, insanların həyatına ciddi təhlükə yaradırlar. 

Bunun belə olduğunu görmək üçün müxtəlif ünvanlarına getməyə ehtiyac yoxdur, mərkəzdə yerləşən Nizami küçəsinə, yaxud keçmiş "Molokan", "Gənclər", "Fəvvarələr" meydanlarına baş çəkmək kifayətdir. Buraya yolu düşənlər bilirlər, axşam saatlarında adlarını qeyd etdiyimiz yerlərdə insan izdihamı yaşanır, bütün günü işləyən, yaxud gününü evdə keçirən vətəndaşlar axşam saatlarında ailə üzvləri, dostları, yaxınları ilə gəzməyə çıxırlar. 

Elə ev itlərinin sahibləri də heyvanlarını axşam saatlarında mərkəzi küçələrdə, parklarda insanlar çox olan vaxt gəzdirməyə çıxarırlar. Paytaxt sakinlərindən biri deyib ki, həftədə bir neçə dəfə işdən sonra şəhərə gəzməyə çıxır, amma gəzintisi ürəyincə olmayan günlər də çox olur: "Hər addımbaşı müxtəlif cins ev itləri ilə gəzən gənclərə rast gəlirəm. İtlərin eləsi var ki, boyu insanın qurşağından hündür olur. Əksər hallarda həmin heyvanları buruntaqsız gəzdirirlər. Bu da insanda qorxu yaradır. Burada balaca uşaqlar, yaşlı insanlar gəzir, istirahət edirlər. Ev itlərinin buruntaqsız gəzdirilməsi bütün insanlar, xüsusilə də uşaqlar, yaşlılar üçün ciddi təhlükədir. Dəfələrlə həmin itlərin insanları neçə qorxutduğunun, uşaqların neçə qışqırıb valideynlərinə sığındıqlarının şahidi olmuşam". 

Sakin söyləyib ki, balaca ev itlərini də buruntaqsız gəzdirirlər, amma onlar ciddi təhlükə deyil. 

Ev itlərinin buruntaqsız və qanunla icazə verilməyən yerlərdə gəzdirilməsi insanlara qarşı potensial təhlükə yaratmaqla yanaşı, ətraf mühiti çirkləndirir, gigiyenik normaları pozur, şəhəri zibilləyir. Sakin bildirib ki, Bakıda ev heyvanı gəzdirənlərin əlində sellofan torba (poletilen torba) görməyib: "Ev itlərinin insanların gəzdikləri, istirahət etdikləri yerləri çirkləndirməsi məni narahat edir. Niyə buna həssas yanaşmırlar, niyə bunu edənlər cəzalandırılmırlar?”.

Bulvar ərazisində və şəhərin müxtəlif yerlərində buruntaqsız ev itlərinin gəzdirildiyinin şahidi olan bir başqa şəhər sakini qeyd edib ki, nə başqa insanlar buna etirazını bildirir, nə də polis bunun qarşısını alır: "Hamı baxıb keçir. Heç kim problemə müdaxilə etmək istəmir".

Bir neçə gün öncə Bakının Xətai rayonu ərazisində gəzən paytaxt sakininin iti ilə küçə itinin boğuşmasını ətrafdakı şəxslər kameraya çəkib. Hadisə Xətai rayon prokurorluğunun binasının yaxınlığında baş verib və it sahibinin özü üçün də təhlükə yaradıb. İtləri kənar şəxslərin müdaxiləsi nəticəsində ayırmaq mümkün olub.  

Ev itlərini buruntaqsız gəzdirmək və ya insanların kütləvi dolaşdığı məkanlara aparmaq qanunvericiliyə də ziddir. Nazirlər Kabinetinin 2011-ci il 9 mart tarixli 38 nömrəli qərarına əsasən, ev heyvanları saxlayan şəxslər kənar şəxslərin rahatlığını pozmadan, onların ehtiyaclarını vaxtında qarşılamaq şərtilə ev heyvanı sahibi ola bilərlər. Bununla yanaşı, baytarlıq və sanitar-epidemioloji orqanların rəsmi razılığı əsasında "canlı təbiət" guşələrində və müəyyən olunmuş ərazilərdə ev heyvanlarını saxlamaq olar.

Şəhərdə və şəhərtipli qəsəbələrdə isə lazımi qaydada çəpərlənmiş və təcrid olunmuş ərazilərdə itlərin sərbəst gəzintisi təşkil edilə bilər. İnsanların sağlamlığının qorunması məqsədilə itləri ancaq kiçik cilovda, iri cins itləri isə cilovda və buruntaqda olmaqla ümumi məhəllələrdə və yaxud küçələrdə gəzdirmək olar, onları sürülərdə və naxırlarda, xüsusi təşkilatların operativ işlərində, ovda, təlim, məşq meydançalarında cilovsuz və buruntaqsız saxlamaq mümkündür. Eyni zamanda heyvan sahibləri yerli icra hakimiyyəti orqanı tərəfindən ayrılmış xüsusi meydançalarda itləri cilovsuz və buruntaqsız gəzdirə bilərlər. Heyvanın nəzarətsiz qalmaması və qaçmaması üçün müvafiq tədbirlər görülməlidir.

Qeyd edək ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinə əsasən, itlərin cilovsuz, iri itlərin isə həmçinin buruntaqsız ümumi məhəllələrdə və ya küçələrdə gəzdirildiyi təqdirdə 200 manat miqdarında cərimə tətbiq edilir. Eyni hal təkrarlanarsa, 300 manata qədər, ev itləri ilə bağlı yaranan hər hansı hadisədən xəsarət alan şəxs olarsa, heyvan sahibini 1000 manata qədər cərimə gözləyir.

Bəs, qaydalara və qanunvericiliyə nəzarəti hansı qurumlar yerinə yetirir?

Ərazi baytarlıq idarələri, sanitar-epidemioloji, daxili işlər və yerli icra hakimiyyəti orqanları şəxslərin sözügedən qaydalara əməl etmələrinə nəzarəti həyata keçirirlər.

Bakı Şəhər Baş Polis İdarəsindən “Report”a bildiriblər ki, ev itlərinin buruntaqsız gəzdirilməsinə nəzarəti yerlərdəki polis növbətçiləri yerinə yetirirlər. Qurumdan verilən məlumata görə, qanunda göstərilən hallardan hər hansı biri polis tərəfindən aşkarlanarsa, yaxud müraciət daxil olduqda polis qanunun tələblərini yerinə yetirir.

Bu ilin 7 ayı ərzində Bakı şəhərində it sahibləri üçün inzibati məsuliyyət yaradan hadisə baş verməyib: "Bununla bağlı polisə hər hansı şikayət daxil olmayıb. Heç bir vətəndaş inzibati məsuliyyətə cəlb olunmayıb. Nəzarətlə yanaşı, yerlərdə vətəndaşlar arasında maarifləndirmə işləri aparılır". 

Səhiyyə Nazirliyinin Respublika Gigiyena və Epidemiologiya Mərkəzindən “Report”a verilən məlumata görə, bu ilin 6 ayı ərzində Azərbaycanda 7 066 nəfəri it dişləyib. Bakıda isə 1 927 oxşar fakt qeydə alınıb. Məlumatda qeyd olunub ki, keçən ilin müvafiq dövrü ilə müqayisədə bu il ümumi heyvan dişləmələrinin sayı 5,8% artıb, bunun əsas səbəbi isə yay fəslində itlərin küçələrdə çox olmasıdır. 

Son xəbərlər

Orphus sistemi