Yuxarı
    Bağlamaq

    Bakıda “Gender problemləri və Media” mövzusunda seminar keçirilir

    Seminar iki gün davam edəcək© Report.az

    Bakı. 2 may. REPORT.AZ/ Bakıda Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi və Avropa İttifaqının (Aİ) TAİEX proqramının birgə əməkdaşlığı çərçivəsində “Gender problemləri və Media” mövzusunda iki günlük seminar başlayıb.

    "Report" xəbər verir ki, beynəlxalq ekspertlərin, dövlət və qeyri-hökumət təşkilatı nümayəndələrinin, jurnalistlərin iştirakı ilə keçirilən seminarın əsas məqsədi media tərəfindən gender problemlərinin, məişət zorakılığı məsələlərinin işıqlandırılması və Avropa İttifaqının təcrübəsinin öyrənilməsi istiqamətində təcrübə mübadiləsinin aparılmasından ibarətdir.

    Seminarda İsveçdən olan ekspertlər Karin Milles, Charlotte Niklasson, Polşadan olan ekspert Marzena Kordaczuk-Was, Xorvatiyadan olan ekspert Elizabeta Gojan, Litvadan olan ekspert Vanda Jurseniene, eləcə də media sahəsi üzrə ixtisaslaşmış yerli mütəxəssislər çıxış edəcək.

    Seminar çərçivəsində “Avropa Birliyində gender bərabərliyinin media vasitəsilə təbliği”, “Azərbaycan və Avropa Birliyi ölkələri mediasında qadınların balanslı və stereotiplərdən uzaq təsvirinin ən uğurlu nümunələri”, “Məişət və gender əsaslı zorakılıqlar zamanı qadınların kütləvi mətbuatda balanslı və stereotiplərdən uzaq təsvirinin yaradılmasının təbliği”, “Azərbaycanda kütləvi mətbuatda və kütləvi mətbuat vasitəsilə gender bərabərliyinin təbliği sahəsində atıla biləcək növbəti addımlar” adlı 4 sessiya keçiriləcək.

    Seminarı giriş sözü ilə Avropa İttifaqının Azərbaycan üzrə nümayəndə heyətinin rəhbəri Malena Mard açıb. O, Avropa İttifaqının gender bərabərliyi istiqamətində həyata keçirdiyi işlər barəsində məlumat verib. Bu sahədə cəmiyyətin, medianın üzərinə düşən öhdəliklərdən bəhs edib.

    Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədr müavini Aynur Sofiyeva bildirib ki, gender münasibətlərinin formalaşması cəmiyyətin aktual məsələlərindəndir. A.Sofiyeva qeyd edib ki, gender bərabərliyi olmadan cəmiyyətin inkişafından danışmaq olmaz, fikri zamanla öz təsdiqini tapır: “Azərbaycanda gender bərabərliyi mövzusu dövlətin siyasətində prioritet məsələlərdəndir. Bu sahədə çox gözəl bir qanunvericilk formalaşıb. Gender bərbərliyi istiqamətində görülən işlərin müsbət nəticələrindən danışmaq olar”.

    Komitə sədrinin müavini əlavə edib ki, görülən işlərə baxmayaraq yeni işlərin həyata keçirilməsi, araşdırmaların aparılmasına ehtiyac olduğu ortaya çıxır.

    Seminar məruzələrlə işini davam etdirir.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi