Bakıda "Formal məşğulluq sosial hüquqların reallaşdırılması şərti kimi" adlı konfrans keçirilib - YENİLƏNİB

Bakıda "Formal məşğulluq sosial hüquqların reallaşdırılması şərti kimi" adlı konfrans keçirilib - YENİLƏNİB Tədbirdə dövlət rəsmiləri, beynəlxalq təşkilatların nümayəndələri iştirak edib
Sosial müdafiə
7 Sentyabr , 2017 13:08
Bakıda Formal məşğulluq sosial hüquqların reallaşdırılması şərti kimi adlı konfrans keçirilib - YENİLƏNİB
Report / Elşən Baba

Bakı. 7 sentyabr. REPORT.AZ/ Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və Beynəlxalq Əmək Təşkilatının (BƏT) birgə təşkilatçılığı ilə Bakıda “Formal məşğulluq sosial hüquqların reallaşdırılmasının şərti kimi” mövzusunda konfrans keçirilib.

"Report" xəbər verir ki, tədbirdə baş nazirinin müavini, Əmək Münasibətlərinin Tənzimlənməsi və Koordinasiyası Komissiyasının sədri Əli Əhmədov, əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov, Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK) sədri, deputat Səttar Mehbalıyev, Sahibkarlar (İşəgötürənlər) Milli Konfederasiyasının (ASK) prezidenti Məmməd Musayev, BƏT-in Məşğulluq siyasəti departamentinin direktoru Azita Berar Avad və sektor müdiri Frederik Lapeyre, hökumət və qeyri-hökumət təşkilatlarının nümayəndələri, beynəlxalq ekspertlər iştirak edirlər.

S.Müslümov bildirib ki, son 10 il ərzində Azərbaycanda Ümumi Daxili Məhsul 3 dəfədən çox artıb, 1 milyon 600 mindən artıq yeni iş yeri yaradılıb, əhalinin gəlirləri 5,2 dəfə, minimum əmək haqqı 3,5 dəfə və orta aylıq nominal əmək haqqı 3,8 dəfə artıb, işsizlik səviyyəsi 5 faiz səviyyəsində saxlanılıb.

Nazir qeyd edib ki, Azərbaycan hökuməti sosial tərəfdaşları, vətəndaş cəmiyyətinin nümayəndələrini və elmi tədqiqtçıları cəlb edərək, problemin tezliklə aradan qaldırılması üçün birgə səyləri səfərbər edib zəruri addımlar atır.

S.Müslümov bildirib ki, sığorta prinsipinə əsaslanan və iqtisadi fəallığı təşviq edən sosial təminat sisteminin qurulmasını ehtiva edən pensiya islahatları, icbari tibbi sığorta sisteminin tətbiqi, müstəqil işsizlikdən sığorta sisteminin yaradılması əmək münasibətlərinin leqallaşmasına, məşğulluq sahəsində dövlət siyasətinin həyata keçirilməsinə nəzarətin gücləndirilməsinə imkan yaradacaq.

Baş nazirin müavini, Əmək Münasibətlərinin Tənzimlənməsi və Koordinasiyası Komissiyasının sədri Əli Əhmədov əmək münasibətləri iştirakçılarının hüquq bərabərliyinin təmin edilməsinin və qanuni mənafelərinin qorunmasının, işçilərin sosial müdafiəsinin gücləndirilməsinin bu siyasətin mühüm tərkib hissəsi olduğunu vurğulayıb. O bildirib ki, hər bir işçi işəgötürən tərəfindən əmək münasibətlərinə cəlb olunarkən ilk növbədə bu münasibətlərin rəsmiləşdirilməsi təmin edilməlidir: "Əks halda qeyri-formal məşğulluq halı yaranır ki, bu da işçinin əmək və ümumən sosial hüquqlarının kobud şəkildə pozulmasına, o cümlədən onun gələcəkdə pensiya hüququndan məhrum olmasına, işəgötürənin isə işçi qarşısında qanunvericilikdə nəzərdə tutulan öhdəliklərdən, digər tərəfdən vergi, sosial və digər məcburi ödənişlərdən yayınmasına şərait yaradır".

Baş nazirin müavini deyib ki, Azərbaycanda əmək münasibətlərinin tənzimlənməsinin təkmilləşdirilməsi ilə bağlı rəylər əsasında yenilənmiş Tədbirlər Planının layihəsi hazırlanaraq, komissiyanın iclasında təsdiq edilib. Eyni zamanda Komissiyanın qanunvericilik və idarəetmə, iqtisadi fəaliyyət sahələri üzrə işçi qrupu yaradılıb. Komissiya yanında Qeyri-Rəsmi Məşğulluqla Mübarizə Mərkəzinin yaradılması, müvafiq sahədə beynəlxalq təcrübənin öyrənilməsi də qərara alınıb.

Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK) sədri, deputat Səttar Mehbalıyev əmək bazarında inkişaf meyllərinə zidd olan qeyri-formal əməyə qarşı mübarizənin AHİK-in əsas fəaliyyət istiqamətlərindən biri olduğunu bildirib. O, qeyri-formal məşğulluqdan formal məşğulluğa keçidin təmin olunması prosesində həmkarlar təşkilatlarının sosial tərəfdaşlıq müstəvisində gördüyü işləri diqqətə çatdırıb. M.Musayev qeyri-formal əmək münasibətlərinin əmək məhsuldarlığının artmasına, rəqabətqabiliyyətli məhsul istehsalına maneə olmaqla, işəgötürənlərin iqtisadi mənafelərinə də ciddi zərbə vurduğunu önə çəkib. O, sahibkarlarla aparılan işlərdə bu mövzunun həmişə diqqətdə saxlandığını qeyd edib. Formal məşğulluğun layiqli əməyin başlıca təminat forması olduğunu diqqətə çatdıran xanım A.B.Avad əmək münasibətləri iştirakçılarının hüquq bərabərliyinin təmin edilməsi istiqamətində Azərbaycanda aparılan fəal dövlət siyasətinin BƏT tərəfindən rəğbətlə qarşılandığını, ölkəmizdə bu sahədə görülən işlərə BƏT-in həmişə yaxından dəstək vermək əzmində olduğunu bildirib.

Konfransda əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Mətin Kərimli qeyri-formal məşğulluqdan formal məşğulluğa keçidi təşviq etmək üçün Azərbaycanda aparılan siyasət, bu sahədə tənzimləyici hüquqi baza, fəaliyyət mexanizmləri, həyata keçirilən tədbirlər barədə təqdimatla çıxış edib. Verilmiş məlumatlar əsasında müzakirələr aparılıb.

Daha sonra xanım A.B.Avad qeyri-formal məşğulluq hallarının aradan qaldırılması və belə hallardan formal məşğulluğa keçidin asanlaşdırılması üçün rəhbər prinsipləri və siyasi təlimatları diqqətə çatdırıb. O, habelə BƏT-in 204 saylı Tövsiyəsinin vacibliyini vurğulayıb.

Tədbirdə BƏT-in mütəxəssisləri Frederik Lapeyre tərəfindən formal məşğulluqda müsbət təcrübələr və Fərid Heqazi tərəfindən müəssisələrin formalaşmasında uğurlu iş praktikaları və sosial dialoqun rolu, habelə AHİK və ASK nümayəndələri tərəfindən qeyri-formal məşğulluqdan formal məşğulluğa keçid, sosial dialoq və konsensus quruculuğu üzrə Azərbaycan təcrübəsi barədə təqdimatların edilməsi və müzakirələrin aparılması nəzərdə tutulub.


*** 10:27

Bakıda "Formal məşğulluq sosial hüquqların reallaşdırılması şərti kimi" adlı konfrans başlayıb. 

"Report" xəbər verir ki, tədbirdə baş nazirin müavini Əli Əhmədov, əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sədri Səttar Möhbəliyev, Azərbaycan Sahibkarlar Konfederasiyasının prezidenti Məmməd Musayev, Beynəlxalq Əmək Təşkilatının Məşğulluq Siyasəti Departamentinin direktoru Azita Berar Avad və başqaları iştirak edirlər.

Son xəbərlər

Orphus sistemi