Bakı. 15 aprel. REPORT.AZ/ Bakı şəhərinin Qaradağ rayonunda yerləşən "Sehran" MMC və "Sunrice" MMC-də əməyin mühafizəsi ilə bağlı bir sıra işlərin görülməsinə baxmayaraq, işçilərin həyat və sağlamlığı üçün təhlükəli olan əmək şəraitinin mövcud olduğu müəyyən edilib. Bu barədə "Report"a
Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidməti (DƏMX) işçilərin həlak olmasına və ya xəsarət almalarına səbəb ola biləcək istehsalat qəzalarının qarşısının alınması üçün bu müəssisələrdə heç bir profilaktiki tədbirlərin görülmədiyini, işçilərin fərdi mühafizə vasitələri olmadan işlədiklərini aşkar edib. Digər tərəfdən, işçilərlə əmək münasibətlərinin, onlara ödənilən əmək haqlarının rəsmiləşdirilmədiyi, iş vaxtının rejimi, iş vaxtından artıq vaxtda işin tənzimlənməsi, istirahət vaxtı qaydalarının pozulması kimi nöqsanlar müşahidə edilib.
Cari ilin əvvəlində DƏMX tərəfindən digər müəssisələr kimi, “Sehran” MMC və “Sunrice” MMC-yə də rəsmi məktubla müraciət olunub. Məktubda əməyin mühafizəsi sahəsində mövcud nöqsanların Əmək Məcəlləsinin 215-ci maddəsinə uyğun şəkildə aradan qaldırılması və əmək şəraitinin texniki təhlükəsizlik qaydalarına uyğun təşkil olunması, işçilər üçün sağlam sanitariya-gigiyena şəraitinin yaradılması barədə icrası məcburi olan göstərişlər əksini tapıb. Həmçinin, bu müəssisələrdə qeyd olunan tələblərin icrasının, eləcə də işçilərin pulsuz olaraq fərdi mühafizə vasitələri (xüsusi geyim, xüsusi ayaqqabı və s.) ilə təmin olunması vəziyyətinin araşdırılacağı bildirilib.
Hər iki müəssisədə aşkar olunan nöqsan və çatışmazlıqlar aradan qaldırılanadək işlər dayandırılıb. Həmin müəssisələrin rəhbər şəxslərinə əmək qanunvericiliyindən irəli gələn tələblərin yerinə yetirilməsi ilə bağlı icrası məcburi olan göstərişlər verilərək akt tərtib olunub.