​Bakıda Əlilliyi olan şəxslərin IX Ümumrespublika Yaradıcılıq Sərgi-müsabiqəsi keçirilir - FOTO

​Bakıda Əlilliyi olan şəxslərin IX Ümumrespublika Yaradıcılıq Sərgi-müsabiqəsi keçirilir - FOTO Sərgidə 221 nəfər əlilliyi olan şəxsin və sağlamlıq imkanları məhdud uşağın 760-dan çox əl işi nümayiş olunur
Sosial müdafiə
24 Noyabr , 2015 13:03
​Bakıda Əlilliyi olan şəxslərin IX Ümumrespublika Yaradıcılıq Sərgi-müsabiqəsi keçirilir - FOTO

Bakı. 24 noyabr. REPORT.AZ/ Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin təşkilatçılığı ilə Bakıda Əlilliyi olan şəxslərin IX Ümumrespublika Yaradıcılıq Sərgi-müsabiqəsi başlayıb. “Report”un xəbərinə görə, sərgi-müsabiqənin açılışında hökumət və qeyri-hökumət təşkilatlarının, əlil ictimai birliklərinin və ictimaiyyətin nümayəndələri iştirak ediblər.

Tədbirdə baş nazirin müavini, Yeni Azərbaycan Partiyasının sədr müavini-icra katibi Əli Əhmədov əlilliyi olan şəxslərə bütün sahələrdə diqqət və qayğı göstərilməsinin Azərbaycan dövlətinin sosial statusunun mühüm xüsusiyyətlərindən olduğunu, Prezident İlham Əliyevin müvafiq fərman və sərəncamları ilə bu təbəqədən olan vətəndaşların sosial müdafiəsinin ilbəil gücləndirildiyini vurğulayıb. Ə.Əhmədov bildirib ki, dinamik inkişaf dövrünü yaşayan Azərbaycan əlilliyi olan şəxslərlə bağlı siyasətini də müasir dünyanın qabaqcıl təcrübəsi, habelə BMT-nin “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Konvensiyasında əksini tapan mütərəqqi yanaşmalar əsasında qurub: "Bu gün ölkəmizdə əlilliyi olan şəxslərlə bağlı həyata keçirilən tədbirlər, eləcə də hazırkı sərgi-müsabiqə bu insanların cəmiyyətin həyatında bərabər iştirak imkanlarının, onların cəmiyyətə inteqrasiyasının daha dolğun şəkildə reallaşdırılmasına, istedadlarının aşkara çıxarılmasına və dəstəklənməsinə yönəlib".

Əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov Azərbaycanda əlilliyi olan şəxslərin etibarlı sosial müdafiəsinin təmin olunmasının Prezident İlham Əliyevin uğurlu sosial inkişaf kursunun mühüm komponentlərindən olduğunu vurğulayıb: “2004-cü ildən etibarən sosial müavinətlərin orta aylıq məbləği 2,6 dəfə, o cümlədən əlilliyə görə sosial müavinətlərin orta aylıq məbləği 8,1 dəfə, sağlamlıq imkanları məhdud uşaqlara ödənilən sosial müavinətin aylıq məbləği 7,4 dəfə artırılıb. Eyni zamanda, müharibə əlillərinə 2008-ci ildən ödənilən Prezident təqaüdlərinin məbləğinin artımı ötən dövrdə bu təbəqədən olan I qrup əlillər üçün 66,6 faiz, II qrup əlillər üçün 85,7 faiz, III qrup əlillər üçün 100 faiz təşkil edib”.

Səlim Müslümov bildirib ki, Əlilliyi olan şəxslərin IX Ümumrespublika Yaradıcılıq Sərgi-müsabiqəsinin təşkilinin həmin şəxslərin öz istedadları müqabilində ictimai-mədəni həyatda iştirak imkanlarına malik olmalarına, onların cəmiyyətə inteqrasiyasının təmin edilməsinə hesablanıb: “Biz çalışırıq ki, bu tədbirlər hər dəfə daha yüksək səviyyədə keçirilsin və ölkənin bütün bölgələri əhatə olunmaqla, yaradıcılıqla məşğul olan bütün müvafiq şəxslər bu tədbirdə təmsil olunsunlar. Sərgi-müsabiqədə 221 nəfər əlilliyi olan şəxsin və sağlamlıq imkanları məhdud 18 yaşadək uşağın rəsm, xalçaçılıq, bədii tikmə, toxuma və hörmə, dulusçuluq, keramika, ağac üzərində oyma və metal üzərində işləmə, bədii tikmə və s. növlərdə 762 əl işi nümayiş etdirilir ki, bu da əvvəlki, yəni Əlilliyi olan şəxslərin VIII Ümumrespublika Yaradıcılıq Sərgi-müsabiqəsi ilə müqayisədə müvafiq olaraq 52,4 faiz və 53 faiz çoxdur. O cümlədən bu sərgi müsabiqədə əvvəlki ilə müqayisədə 3 nəfər çox, yəni 23 nəfər sağlamlıq imkanları məhdud 18 yaşadək uşağın əl işi nümayiş olunur”.

Sərgi-müsabiqənin nazirliyin “2015-ci il üçün əlilliyi olan şəxslərin və sağlamlıq imkanları məhdud uşaqların sosial müdafiəsi və reabilitasiyası Proqramı”na əsasən təşkil edildiyi də diqqətə çatdırılıb.

Tədbirdə digər çıxış edənlər əlilliyi olan şəxslərin və sağlamlıq imkanları məhdud uşaqların istedad və qabiliyyətlərinin üzə çıxarılmasında, onların yaradıcılıq imkanlarının dəstəklənməsində mühüm rol oynayan, onlara hər şeydən öncə mühüm mənəvi stimul verən belə tədbirlərin ümumən cəmiyyət tərəfindən maraq və rəğbətlə qarşılandığını vurğulayıblar. Daha sonra tədbir iştirakçıları sərgi-müsabiqədə təqdim olunan əsərlərlə tanış olub, əlilliyi olan şəxslər və sağlamlıq imkanları məhdud uşaqların tədbirlə bağlı fikir və təəssüratlarını dinləyib, yaradıcılıq qayğılarını öyrəniblər.

Qeyd edək ki, sərgi-müsabiqə noyabrın 26-dək davam edəcək. Əl işləri nümayiş olunan şəxslərdən 21 nəfəri sərgi-müsabiqənin açılışına dəvət edilib və həmin şəxslərdən ölkənin müxtəlif bölgələrindən gələnlərin və onları müşaiyət edənlərin mehmanxana, gediş-gəliş və s. xərcləri dövlət büdcəsi hesabına ödənilib. Tədbirdə nümayiş olunan əsərlərin obyektiv qiymətləndirilməsi üçün aidiyyəti qurumların nümayəndələrindən ibarət münsiflər heyəti də təşkil olunub. Tədbirin yekununda müvafiq nominasiyalar üzrə yer tutan müəlliflərə diplom və mükafatlar təqdim olunacaq. Sərgi-müsabiqənin digər iştirakçılarına, açılış mərasimində iştirak edən müəlliflərin hər birinə də maddi yardım və təşəkkürnamələr veriləcək.

Son xəbərlər

Orphus sistemi