Bakıda Dünya Serebral İflic Gününə həsr olunan aksiya keçiriləcək

Bakıda Dünya Serebral İflic Gününə həsr olunan aksiya keçiriləcək Aksiyada 28 serebral iflicli uşağın iştirakı nəzərdə tutulur
Sosial müdafiə
30 Sentyabr , 2016 17:08
Bakıda Dünya Serebral İflic Gününə həsr olunan aksiya keçiriləcək

Bakı. 30 sentyabr. REPORT.AZ/ Dənizkənarı Milli Parkda Dünya Serebral İflic Gününə həsr olunan aksiya keçiriləcək.

Bu barədə "Report"a "Qayğı-Sağlam Nəsil Naminə" İctimai Birliyinin sədri Sevinc Abdullayeva məlumat verib.

O qeyd edib ki, oktyabrın 5-i bütün dünyada Dünya Serebral İflic Günü kimi qeyd olunacaq: “Qayğı-Sağlam Nəsil Naminə” İctimai Birliyinin nəzdində fəaliyyət göstərən "Qayğı" Uşaq Reabilitasiya Mərkəzinin serebral iflicdən əziyyət çəkən uşaqları bu günlə əlaqədar aksiya keçirmək istəyirlər". 

S.Abdullayevanın sözlərinə görə, aksiyada 28 serebral iflicli uşağın iştirakı nəzərdə tutulur: "Onlar serebral iflicli və fiziki qüsurlu uşaqların üzləşdikləri problemlərə ictimaiyyətin diqqətini cəlb etmək məqsədilə, üzərində mövzu ilə bağlı xüsusi şüarlar yazılmış köynəklər geyinəcəklər. Bu körpə uşaqlar insanlara saf sevgilərini nümayiş etdirmək üçün onlara yaxınlaşaraq ürək şəklində şarlar hədiyyə edəcəklər. Sonda həmin uşaqların ifasında bir rəqs nömrəsi nümayiş olunacaq".

Birliyin sədri bildirib ki, tədbir oktyabrın 2-də saat 12:00-da Dənizkənarı Milli Parkda, Kukla Teatrının yaxınlığında başlayacaq və 12:30-dək davam edəcək: "Aksiyanın məqsədi serebral iflicdən əziyyət çəkən uşaqların cəmiyyətə, sosial həyata inteqrasiyasının nə qədər böyük əhəmiyyət kəsb etdiyini və bu uşaqların adi uşaqlardan seçilmədiklərini nümayiş etdirməkdir".

Son xəbərlər

Orphus sistemi