Yuxarı

Bakıda 12 manata dönər satılır - FOTO

AİB sədri: Qiymətləri qanunsuz olaraq artırmaq yolverilməzdir

Bakı. 3 avqust. REPORT.AZ/ Bakıda fəaliyyət göstərən "Kasap Döner Bakü" restoranında lavaşda bir dönər yeyən şəxs buna görə 12 manat ödəyib. "Report"un məlumatına görə, bu qiymət sosial şəbəkələrdə narazılıq doğurub.

Qəbzin fotosunda 2 lavaş arası, 4 çörək arası dönər və 1 "Coca-cola" içkisi sifariş edən şəxsin ümumilikdə 49 manat 75 qəpik ödədiyi görünür.

"Kasap Döner Bakü" restoranından "Report"a sosial şəbəkələrdə yayılan qəbzin onlara aid olduğu təsdiqlənib: "Bizim restoranda normal, standart dönərin qiyməti 3 manatdır. Sadəcə, kafenin qaydalarına görə müştəri istəyi nəzərə alınmaqla ətin ölçüsü dəyişir. Qəbul olunan standartlara görə adi yerlərdə satılan dönərlərin içərisində olan ətin çəkisi 50-60 qram arasındadır".

Qiymətlərin belə baha olmasının səbəbinə gəlincə, restorandan burada şəraitin yüksək olması, bütün içliklər, sous və mayonezlərin Türkiyədən sifarişlə gətirilməsi ilə izah edilib: "Azərbaycandan isə yalnız ət alınır. Təzə dana ətindən dönər hazırlanır. Digər dönərlərdən fərqli olaraq bizdə yalnız yarpaq ətdən istifadə olunur. Qiymətlər də məhz buna görə təyin olunub. Sosial şəbəkələrdə yayılan qiymət isə içərisində 200 qram ət olan dönərin qiymətidir".

Azad İstehlakçılar Birliyinin (AİB) sədri Eyyub Hüseynov isə "Report"a deyib ki, Azərbaycanda dönərlərin hazırlanması üçün standartlar müəyyənləşdirilib: "Əsas tələb odur ki, dönərin içi standartlara, normalara uyğun hazırlansın. Eyni zamanda, ətin və dönəri hazırlamaq üçün lazım olan tərkibin miqdarı əvvəlcədən müəyyən olunub. Qiymətləri qanunsuz olaraq artırmaq yolverilməzdir. Bunu edən də işi qeyri-qanuni edir. Azərbaycan Prezidenti dəfələrlə süni artırılan qiymətlər barədə tapşırıqlar verib. Bu məsələni ictimailəşdirib dövlət qurumları ilə birlikdə qabaqlayıcı tədbir görmək lazımdır".

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi