​Azərbaycan əhalisinin sayı 9,553 mln. nəfərə çatıb

​Azərbaycan əhalisinin sayı 9,553 mln. nəfərə çatıb Bu ilin 8 ayında Azərbaycana daimi yaşamaq üçün 1 299 nəfər gələn və 575 nəfər ölkədən gedən qeydə alınıb
Sosial müdafiə
16 Oktyabr , 2014 12:40
​Azərbaycan əhalisinin sayı 9,553 mln. nəfərə çatıb
Bakı. 16 oktyabr. REPORT.AZ/ Cari ilin əvvəlindən Azərbaycan əhalisinin sayı 75,4 min nəfər və ya 0,8% artaraq 2014-cü il sentyabrın 1-i vəziyyətinə 9 552,5 min nəfərə çatıb. Bu barədə "Report"a Dövlət Statistika Komitəsindən məlumat daxil olub.

Əhalinin sıxlığı 1 kv. km-ə 110 nəfər olub. Ümumi əhali arasında şəhər əhalisinin xüsusi çəkisi 53,2%, kənd əhalisinin xüsusi çəkisi isə 46,8% təşkil edir, 49,7% kişilərdən, 50,3% qadınlardan ibarətdir. Əhalinin 22,4%-i 0-14 yaşda, 71,8%-i 15-64 yaşda, 5,8%-i isə 65 və yuxarı yaşda olanlardır. Hazırda hər 1 000 kişiyə 1 011 nəfər qadın düşür.

Cari ilin ilk 8 ayı ərzində ölkədə 112,0 min, yaxud hər gün orta hesabla 461 körpə dünyaya göz açıb və ötən ilin müvafiq dövrünə nisbətən bu göstərici əhalinin hər 1 000 nəfərinə hesabı ilə dəyişməyərək eyni səviyyədə (17,8) qalıb. Doğulan körpələrin 53,6%-i oğlan, 46,4%-i isə qız uşaqlarından ibarət olmaqla 1 986-sı əkiz, 45-i isə üçəm doğulub. Doğulan körpələr üçün 74,2 yaş, o cümlədən oğlanlar üçün 71,6 yaş, qızlar üçün 76,8 yaş ömür uzunluğu gözlənilir.

Ölkə üzrə əhalinin təkrar istehsalı təmin olunaraq uşaq doğmaq qabiliyyətinə malik olan qadınların hər birinə bütün ömür boyu orta hesabla 2,2 doğulmuş uşaq düşür.

Cari ilin yanvar-avqust ayları ərzində ölkədə 37,3 min ölüm halı qeydə alınıb və əhalinin hər 1 000 nəfərinə hesabı ilə 2013-cü ilin müvafiq dövrü ilə müqayisədə ölüm əmsalı da dəyişməyərək eyni səviyyədə (5,9) qalıb.

Rəsmi orqanlar tərəfindən ölkə üzrə 53,4 min nikah və 8,0 min boşanma halları qeydə alınıb və əhalinin hər 1 000 nəfərinə hesabı ilə bu göstərici müvafiq olaraq 8,5 və 1,3 təşkil edib.

Hesabat dövründə Dövlət Miqrasiya Xidməti və Daxili İşlər Nazirliyinin müvafiq qurumları tərəfindən Azərbaycana daimi yaşamaq üçün 1 299 nəfər gələn və 575 nəfər ölkədən gedən qeydə alınıb.

Son xəbərlər

Orphus sistemi