Azərbaycanlı gənc ilk dəfə EYCA-nın İdarə Heyətinin üzvü seçilib

Azərbaycanlı gənc ilk dəfə EYCA-nın İdarə Heyətinin üzvü seçilib Serbiyanın paytaxtı Belqrad şəhərində Avropa Gənclər Kartı Assosiasiyasının (EYCA) 33-cü Baş Assambleyası keçirilib
Sosial müdafiə
6 İyun , 2017 10:32
Azərbaycanlı gənc ilk dəfə EYCA-nın İdarə Heyətinin üzvü seçilib

Bakı. 6 iyun. REPORT.AZ/ Serbiyanın paytaxtı Belqrad şəhərində Avropa Gənclər Kartı Assosiasiyasının (EYCA) 33-cü Baş Assambleyası keçirilib. 

Gənclər və İdman Nazirliyinin mətbuat xidmətindən "Report"a verilən məlumata görə, 36 Avropa ölkəsinin təmsil olunduğu assambleyada Azərbaycan Dillər Universitetinin Tələbə Gənclər Təşkilatının sədri, Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqını Beynəlxalq əlaqələr departamentinin direktoru Faiq Məmmədov və Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin II kurs tələbəsi, “Azərbaycan Tələbə Kartı” daşıyıcısı Fərhad Səyidov iştirak ediblər.

Budəfəki assambleya EYCA İdarə Heyətinin son toplantısı olub və keçirilən konfransda yeni prezident və İdarə Heyəti seçilib. EYCA-nın 30 illik fəaliyyəti dövründə, ilk dəfə olaraq təşkilatın İdarə Heyətinə azərbaycanlı gənc seçilib. ATGTİ-nin nümayəndəsi F.Məmmədov keçirilən səsvermə nəticəsində öz rəqiblərini geridə qoyub və EYCA-nın ali idarəetmə orqanı olan idarə heyətinin üzvü seçilib.

Xatırladaq ki, Faiq Məmmədov EYCA-nın 30 illik fəaliyyəti dövründə ən gənc idarə heyətinin üzvüdür. Keçirilən konfransda ATGTİ-nin Azərbaycan Tələbə Kartı ilə bağlı fəaliyyətindən geniş bəhs olunub və bu fəaliyyət EYCA rəhbərliyi tərəfindən böyük rəğbətlə qarşılanıb.

Baş Assambleyada ATGTİ-ni təmsil edən F.Məmmədov EYCA-nın ən ali idarəetmə orqanı olan idarə heyətinə namizəd qismində çıxış edib. “Belgrade City Hall”da keçirilən Assambleyanın açılış mərasimində EYCA-nın prezidenti, idarə heyətinin üzvləri, 36 Avropa olkəsinin təmsilçiləri, həmçinin Belqrad şəhərinin icra orqanları və Serbiyanın Gənclər və İdman Nazirliyinin nümayəndələri iştirak edib.

Assambleya çərçivəsində öz ölkələrində fəaliyyətləri ilə fərqlənən kart sahiblərinin maarifləndirilməsi və fəaliyyətlərinin daha da artırılması məqsədilə assambleyada iştirak edən hər ölkənin aktiv kart daşıyıcıları üçün 3 günlük maarifləndirici və əyləncəli seminarlar keçirilib. Seminarlar çərçivəsində iştirakçılar müxtəlif proqramlarda iştirak edib, həmçinin, kart ilə bağlı öz fikir və ideyalarını təklif formasında hazırlayaraq EYCA-nın idarə heyətinə təqdim edib.

Qeyd edək ki, hazırda 36 ölkənin daxil olduğu assosiasiyanın fəaliyyətinin nəticəsi olaraq 6 milyondan çox kart sahibi mövcuddur və dünyada 80 minə yaxın müəssisədə bu kartlar keçərlidir.

Son xəbərlər

Orphus sistemi