Azərbaycanla Çexiya arasında birgə əməkdaşlığı nəzərdə tutan nümunəvi saziş layihəsi hazırlanıb

Azərbaycanla Çexiya arasında birgə əməkdaşlığı nəzərdə tutan nümunəvi saziş layihəsi hazırlanıb Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində Çex Respublikasının ölkədəki səfiri ilə görüş olub
Sosial müdafiə
25 Fevral , 2015 12:45
Azərbaycanla Çexiya arasında birgə əməkdaşlığı nəzərdə tutan nümunəvi saziş layihəsi hazırlanıb

Bakı. 25 fevral. REPORT.AZ/ Azərbaycanın əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümovla Çex Respublikasının ölkədəki səfiri Vitezslav Pivonka arasında görüş olub. Bu barədə “Report”a nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.

Görüşdə S.Müslümov Azərbaycanla Avropa İttifaqının üzvü olan Çexiya arasında münasibətlərin inkişafından bəhs edib, iki ölkənin prezidentlərinin, eləcə də ayrı-ayrı sahələr üzrə rəsmi nümayəndə heyətlərinin qarşılıqlı səfərlərinin siyasi və iqtisadi, habelə humanitar əlaqələrin güclənməsinə səbəb olduğunu, qarşıdakı dövrdə daha geniş əməkdaşlıq sahələrini əhatə etməsinə imkan yaratdığını vurğulayıb.

Hazırda ƏƏSMN-nin Avropa İttifaqının üzvü olan bir sıra ölkələrin aidiyyatı qurumları ilə əməkdaşlıq təcrübəsinə malik olduğunu qeyd edən S.Müslümov bildirib ki, Azərbaycanla Çexiya arasında münasibətlərin getdikcə inkişaf etməsi bu ölkə ilə də əmək və sosial müdafiə sahəsində əməkdaşlıq əlaqələrinin qurulmasına şərait yaradıb. Ötən dövrdə sosial müdafiənin bir sıra aspektləri ilə bağlı Azərbaycandan nümayəndə heyətləri Cexiyada olaraq, bu ölkənin təcrübəsini öyrəniblər: “Lakin hesab edirəm ki, Azərbaycanla Çexiya arasında əmək, əməyin mühafizəsi və məşğulluq, peşə standartlarının hazırlanması və tətbiqi, əmək bazarı statistikasının təkmilləşdirilməsi, işçi resurslarının keyfiyyətcə yüksəldilməsi, işsiz və işaxtaran şəxslərin sosial müdafiəsi və onların əmək bazarına inteqrasiyası, həssas qruplar üçün sosial xidmətlərin təşkili və digər sahələr üzrə sistemli əməkdaşlıq əlaqələrinin qurulması məqsədyönlü addım olar. Bu sahələrlə bağlı əməkdaşlığın həyata keçirilməsi üçün nümunəvi saziş layihəsi hazırlanıb və Çexiyanın aidiyyəti dövlət qurumuna göndərilməsi nəzərdə tutulub”.

V.Pivonka Azərbaycan-Çexiya münasibətlərinin inkişafından məmnunluğunu ifadə edib, ölkəsinin Azərbaycanla əməkdaşlığı daim genişləndirmək əzmində olduğunu vurğulayıb. O, iki ölkə arasında əməkdaşlığın əmək və sosial müdafiə məsələlərini də əhatə etməsi, bu yöndə uğurlu addımların atılması üçün səfirlik tərəfindən müvafiq səylərin göstəriləcəyini diqqətə çatdırıb.

Görüşdə Azərbaycan və Çexiya arasında əmək və sosial müdafiə sahəsində əməkdaşlıq məsələləri müzakirə olunub.

Son xəbərlər

Orphus sistemi