​Azərbaycanın "ASAN xidmət" layihəsi Avropa İttifaqı ölkələrinə model kimi təqdim olunub

​Azərbaycanın "ASAN xidmət" layihəsi Avropa İttifaqı ölkələrinə model kimi təqdim olunub Təklif konfrans iştirakçıları tərəfindən qəbul edilib
Sosial müdafiə
31 Mart , 2015 12:53
​Azərbaycanın ASAN xidmət layihəsi Avropa İttifaqı ölkələrinə model kimi təqdim olunub

Bakı. 31 mart.REPORT.AZ/ Prezident yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının sədri, deputat Azay Quliyevin rəhbərlik etdiyi nümayəndə heyəti Romada səfərdədir. Səfərin əsas məqsədi, sosial innovasiya, ictimai iştirakçılıq və vətəndaş cəmiyyətinin inkişafı sahəsində Azərbaycanın əldə etdiyi uğurları İtaliya ictimaiyyətinə təqdim etmək və qarşılıqlı təcrübə mübadiləsi aparmaqdır. Bu barədə "Report"a Şuradan məlumat verilib.

İlk tədbir Şuranın dəstəyi və İtaliyanın "Vision" təşkilatı təşkilatçılığı ilə "Avropada mərkəzləşdirilmiş sosial xidmətlərin təşkili: "ASAN" nümunəsi" mövzusunda keçirilib.

Konfransda çıxış edən İtaliya Bələdiyyələrinin Milli Assosiasiyasının baş katibi Veronika Nikotra ölkəsində vətəndaşlara xidmət sahəsində yerli dövlət strukturlarının fəaliyyətindən, Avropa təcrübəsindən və müvafiq istiqamətdə daha innovativ üsulların tətbiqinin vacibliyindən danışıb. Veronika Nikotra keçirilən tədbiri sosial xidmətlərlə bağlı Azərbaycanın əldə etdiyi uğurları müzakirə etmək üçün yaxşı fürsət adlandırıb.

Tədbirin mühüm əhəmiyyətini vurğulayan Şura sədri Azay Quliyev qeyd edib ki, konfrans Azərbaycandakı elektron hökumət təcrübəsini müzakirə etmək və mövcud qarşılıqlı əməkdaşlığı paylaşmaq baxımından əlverişli imkan yaradır.

Şura sədri şəffaflığın və ictimai xidmətlərin səmərəliliyinin artırılmasının dövlətin qarşısında duran əsas hədəflərdən olduğunu deyib və son illərdə Azərbaycanda elektron hökumət sahəsində əhəmiyyətli irəliləyişlərin müşahidə olunduğunu vurğulayıb: "2012-ci ildə ölkə prezidentinin fərmanı ilə Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin (ASAN) yaradılması bunun məntiqi davamıdır. Qurumun əsas məqsədi dövlət orqanlarının fəaliyyətində şəffaflığı artırmaq, vətəndaşlara daha keyfiyyətli və innovativ xidmətlər göstərməkdir. ASAN xidmət modeli eyni çətir altında 30 dövlət xidmətini həyata keçirən Azərbaycanın uğurlu xidmət modelidir. Şadıq ki, Azərbaycanın e-hökumət sahəsində əldə etdiyi uğurlar digər ölkələr tərəfindən rəğbətlə qarşılanır. Bu modeli Avropalı tərəfdaşlarımızla paylaşmaqdan məmnuniyyət duyuruq".

Konfransda çıxış edən Azərbaycanın İtaliyadakı səfiri Vaqif Sadıqov tədbirin "ASAN xidmət" mərkəzlərinin üstünlüklərini İtaliya ictimaiyyəti ilə paylaşmaq baxımından əhəmiyyətini vurğulayıb.

İtaliyanın Piza şəhərinin meri Marko Filipeski Azərbaycanda fəaliyyət göstərən "ASAN xidmət" mərkəzlərinin iş prinsipinin təqdirəlayiq olduğunu bildirib. Mer M. Filipeski vurğulayıb ki, əhaliyə daha yüksək səviyyəli xidmətin göstərilməsi üçün belə bir strukturun qurulması müsbət nəticələr verəcək.

Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin beynəlxalq əlaqələr şöbəsinin müdiri Azad Cəfərli "ASAN xidmət" mərkəzlərinin yaradılması və onların vətəndaşlara operativ, rahat və keyfiyyətli xidmətlər göstərilməsinə yönəlmiş fəaliyyətinin əsas istiqamətləri barədə məlumat verib: "Hazırda 4-ü paytaxt Bakı şəhərində, digər 4-ü isə regional mərkəzlər - Sumqayıt, Gəncə Sabirabad və Bərdədə olmaqla 8 "ASAN xidmət" mərkəzi fəaliyyət göstərir. Son iki ildə mərkəzlər tərəfindən 4 milyondan artıq vətəndaşa xidmət göstərilib".

Konfransa yekun vuran Azay Quliyev çıxışlarda və müzakirələrdə səslənən fikirləri əsas tutaraq Azərbaycanın “ASAN” təcrübəsinın nümunəvi model kimi istifadə edilməsi üçün İtaliya Milli Bələdiyyələr Asossasiyasının Avropa İttifaqına rəsmi müraciət etməsini təklif edib.

Təklif konfrans iştirakçıları tərəfindən qəbul edilib.

Son xəbərlər

Orphus sistemi