Yuxarı

​Azərbaycanda yoxsulluq və işsizlik səviyyəsi 5 faizə yaxındır

2004-cü ildən bəri Azərbaycanda iqtisadiyyat 300 faiz artıb

Bakı. 8 iyun. REPORT.AZ/ "Son 10-12 ildə əsasən neft hasilatının artması hesabına, - lakin təkcə buna görə yox, - iqtisadiyyatımız sürətlə inkişaf etdi. 2004-cü ildən bəri Azərbaycanda iqtisadiyyat 300 faiz artıb. Biz yoxsulluq və işsizlik səviyyəsini əhəmiyyətli dərəcədə azaltmağa nail olmuşuq. Hazırda hər iki göstərici 5 faizə yaxındır".

"Report" xəbər verir ki, bu barədə Berlində keçirilən Azərbaycan-Almaniya İqtisadi Forumunda çıxışı zamanı prezident İlham Əliyev məlumat verib.

Prezident bildirib ki, neft satışından əldə olunan gəlirlərin qeyri-neft sektoruna yatırılmasına başladıqdan sonra Azərbaycan iqtisadiyyatında rəqabətlilik artıb. Onun sözlərinə görə, Davos Dünya İqtisadi Forumunun hesablamalarına görə Azərbaycan iqtisadiyyatı rəqabət qabiliyyəti indeksinə görə dünyada 40-cı yerdədir.

"Əlbəttə ki, enerji sektorunun inkişafı və enerji amili bizim üçün, həm də təkcə bizim üçün deyil, digər ölkələr üçün də vacibdir. 1994-cü ildən Azərbaycan nəhəng enerji layihələri - ilk növbədə Azərbaycanı Qara dəniz və Aralıq dənizi ilə birləşdirən neft kəmərlərinin tikintisini həyata keçirir. Hazırda bəzi Avropa ölkələri enerji balanslarındakı neftin təxminən 30 faizini Azərbaycandan alırlar. 2012-ci ildən biz qonşu ölkələrə və Avropaya qaz kəmərinin tikintisi layihəsini həyata keçiririk. Artıq bizim Gürcüstan, Türkiyə, Rusiya və İran kimi qonşu ölkələrə qaz ixrac etməyə imkan verən bir neçə kəmərimiz var. Biz hər dörd istiqamətdə təbii qaz ixrac edirik. Hazırda biz tərəfdaşlarımızla birlikdə “Cənub Qaz Dəhlizi” layihəsini həyata keçiririk. Bu, 2012-ci ildə Azərbaycan və Türkiyənin Trans-Anadolu kəmərinin tikintisinə dair Sazişin imzalanması ilə başladı. O vaxtdan bir çox başqa layihələrə, o cümlədən cənab vitse-kanslerin qeyd etdiyi layihəyə start verilib. “Cənub Qaz Dəhlizi” layihəsinin bir hissəsi olan Trans-Adriatik kəmərinin tikintisinə bu ilin mayında başlanılıb. “Cənub Qaz Dəhlizi” layihəsi dörd layihədən ibarətdir - dünyanın ən böyük qaz yataqlarından biri olan “Şahdəniz”dən qazın hasil olunması, Azərbaycanı Gürcüstan və Türkiyə ilə birləşdirən kəmərin tikintisi, sonra Türkiyənin şərq sərhədindən qərb sərhədinə kəmər - bu, TANAP adlanır və Türkiyə-Yunanıstan sərhədindən İtaliyaya kəmər - bu, TAP – Trans-Adriatik kəmər adlanır", - deyə dövlət başçısı diqqətə çatdırıb.

İlham Əliyev bildirib ki, bütün bu layihələr Azərbaycanın tərəfdaşları ilə razılaşdırılmış şəkildə həyata keçirilir:

"Bu layihələrdə yeddi ölkə iştirak edir, onlardan üçü Avropa İttifaqının üzvüdür. Avropa Komissiyası bizim təşəbbüslərə güclü dəstək verir. Ötən il və bu il biz Bakıda Cənub Qaz Dəhlizi Məşvərət Şurasının iclaslarını keçirmişik. Orada Azərbaycanın aparıcı rolu yüksək qiymətləndirilib. Planlarımıza əsasən Azərbaycan və Türkiyəni birləşdirən kəmər iki ilə istismara veriləcək və 2020-ci ilədək Azərbaycan qazı ilk dəfə olaraq Avropa bazarlarına çıxarılacaq. Bizim üçün bu, təchizat marşrutlarını şaxələndirmək imkanıdır. Tranzit ölkələr üçün bu, pul qazanmaq və tikintiyə və sonra layihənin texniki təminatına minlərlə insanı cəlb etmək imkanıdır, istehlakçılar üçün isə alternativ enerji mənbəyidir. Layihəmizin üstünlüyü ondadır ki, bu, təkcə marşrutların deyil, mənbələrin şaxələndirilməsidir. Bu, daha vacibdir".

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi