Bakı. 16 dekabr. REPORT.AZ / Bu gün Azərbaycan Fövqəladə Hallar Nazirliyinin (FHN) Tikintidə Nəzarət Dövlət Agentliyinin Təsisatdankənar Dövlət Ekspertiza Baş İdarəsinin yeni inzibati binasının açılışı olub.
"Report" xəbər verir ki, açılışda fövqəladə hallar naziri Kəmaləddin Heydərov iştirak edib.
Açılış zamanı məlumat verilib ki, hazırkı yaşayış binaları və hündürlüyü 12 metrdən çox olan binalar üçün müraciətlərə yeni yaradılmış idarədə baxılacaq. Müraciətlər yerli icra hakimiyyəti orqanları vasitəsilə, "bir pəncərə" sistemi ilə, vaxta qənaət olunmaqla həyata keçiriləcək.
Həmçinin Azərbaycan Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Dövlət Ekspertiza İdarəsi, Səhiyyə Nazirliyinin Respublika Gigiyena və Epidemiologiya Mərkəzi, Fövqəladə Hallar Nazirliyinin Tikintidə Nəzarət Dövlət Agentliyinin "Azərdövlətlayihə" Dövlət Baş Layihə İnstitutunun Mühəndis-Geoloji Mərkəzi, FHN-in Sənayedə Təhlükəsizlik Görülməsi və Dağ-Mədən Nəzarəti Dövlət Agentliyi, FHN-in Dövlət Yanğın Xidməti bu binada yerləşdiriləcək.
Baş idarə həmçinin ölkənin rayonlarından olan müraciətlərə də baxacaq.