Bakı. 10 fevral. REPORT.AZ/ Nazirlər Kabineti “Tibbi-sosial ekspert komissiyaları haqqında Əsasnamə”ni təsdiq edib.
“Report”un xəbərinə görə, komissiyalar Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidmətinin, Naxçıvanda isə Naxçıvan Muxtar Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində yaradılmaqla, tibbi-sosial ekspertiza keçirərək əlilliyi və 18 yaşınadək uşaqların sağlamlıq imkanlarının məhdudluğunu qiymətləndirir, bunun əsasında əlilliyi olan şəxslərin və sağlamlıq imkanları məhdud olan uşaqların sosial müdafiə tədbirlərinə ehtiyaclarını müəyyən edir.
Tibbi-sosial ekspertiza xidməti tibbi-sosial ekspert komissiyaları (TSEK) tərəfindən ümumi xəstəlik, əmək zədəsi, peşə xəstəliyi, Çernobıl AES-də qəzanın ləğvi ilə əlaqədar, Çernobıl AES-də hərbi xidmətlə əlaqədar, 1990-cı ilin yanvar hadisələri ilə əlaqədar, hərbi xidmət dövrü ilə əlaqədar, hərbi xidmət vəzifələrini (xidməti vəzifələri) yerinə yetirməklə əlaqədar, hərbi əməliyyatlar keçirilən zonada olmaqla əlaqədar, keçmiş SSRİ-nin müdafiəsi ilə əlaqədar, Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlillik səbəbləri müəyyən edilir.
Şəxslərin TSEK-də müayinəsi dövlət səhiyyə müəssisələrinin göndərişləri əsasında aparılır.
Göndərişdə şəxsin səhhətini əks etdirən bütün funksional diaqnostik, laborator, rentgen müayinələrinin nəticələri, mütəxəssislərin ətraflı obyektiv məlumatları, aparılmış müalicə tədbirləri və onların səmərəliliyi, klinik proqnoz göstərilməklə, onun əmək fəaliyyətinin məhdudlaşdırılması və ya itirilməsi əsaslandırılır və şəxsin müayinə üçün TSEK-ə gəlmək imkanının olmamasına dair həkim-məsləhət və ya hərbi-həkim ekspertizasının rəyi qeyd olunur.
Göndərişlər “Tibbi-sosial ekspert komissiyasına göndərişlərin reyestri”nə rəsmiləşdirilən tarixdə həkim-məsləhət və ya hərbi-həkim ekspertizasının sədri və üzvləri tərəfindən gücləndirilmiş elektron imza ilə təsdiqlənərək, elektron sənəd formasında daxil edilir və həmin gün şəxsə bu barədə məlumat verilir.
Səhiyyə Nazirliyi tərəfindən “Tibbi-sosial ekspert komissiyasına göndərişlərin reyestri”nə və “Vətəndaşın Elektron Sağlamlıq Kartı Sistemi”nə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin çıxışı təmin edilir.
Hərbi-həkim ekspertizasının rəsmiləşdirdiyi göndərişlərin “Tibbi-sosial ekspert komissiyasına göndərişlərin reyestri”nə elektron sənəd formasında daxil edilməsi mümkün olmadıqda, onlar kağız daşıyıcıları formasında imzalanır və dairəvi möhürlə təsdiq olunmaqla, hərbi-həkim ekspertizası tərəfindən Xidmətə təqdim edilir.
Göndərişlər rəsmiləşdirildiyi tarixdən 1 ay müddətində qüvvədə olur.
Şəxsin TSEK-ə gəlmək imkanının olmaması (şəxsin hərəkət imkanının məhdud olması və heç bir reabilitasiya vasitəsinə sahib olmadıqda, səhiyyə müəssisəsində stasionar müalicə alan yataq xəstəsi olduqda) statusu yalnız göndərişdə əks edilən həkim-məsləhət və ya hərbi-həkim ekspertizasının rəyinə əsasən “Tibbi Sosial Ekspertiza və Reabilitasiya Alt Sistemi” (bundan sonra - TSERAS) tərəfindən müəyyənləşdirilir.
Şəxsin müraciəti TSERAS tərəfindən emal edilməklə, onun ərizədə qeyd etdiyi əks əlaqə vasitələrinin birinə müayinənin vaxtı və yeri barədə məlumat göndərilir və ya bildirilir.
Şəxs (TSEK-ə gəlmək imkanı olmayan kimi müəyyən edilmiş şəxslər istisna olmaqla) məlumatda göstərilən TSEK-ə müəyyən edilmiş vaxtda gələrək müayinədən keçir. Bu zaman o, TSEK-ə şəxsiyyət vəsiqəsini, yetkinlik yaşına çatmayan şəxs olduğu halda isə şəxsiyyət vəsiqəsini və ya doğum haqqında şəhadətnaməni, valideynin (qanuni nümayəndənin) şəxsiyyət vəsiqəsini, valideyn olmayan digər qanuni nümayəndə olmasını təsdiq edən sənədi təqdim etməlidir.
Şəxs TSEK tərəfindən 1 iş günü müddətində müayinə olunur.
TSEK-ə gəlmək imkanının olmaması barədə həkim-məsləhət və ya hərbi-həkim ekspertizasının rəyinə əsasən şəxsin müayinəsi səyyar qaydada evdə və ya müalicə olunduğu səhiyyə müəssisəsində 1 iş günü müddətində aparılır.
“TSEK-ə gəlmək imkanı olmayan” rəy reallıqda öz təsdiqini tapmadığı halda, TSEK bu şəxsi səyyar qaydada müayinədən keçirməkdən imtina edir və TSERAS-da bu barədə müəyyən qeydlər aparır.
TSEK müayinənin nəticələrini kollegial müzakirə etdikdən sonra həmin gün qərar qəbul edir.
Əlillik müddətlə müəyyən edildiyi hallarda, şəxs növbəti müayinə təyin edilən aydan sonrakı ayın 1-dək əlil hesab olunur.
Əmək zədəsi və ya peşə xəstəliyi ilə bağlı əmək qabiliyyətinin itirilməsi 25 faizdən yuxarı təyin olunduğu hallarda, onun müddəti əlillik dərəcəsinin müddətinə uyğun olaraq müəyyənləşdirilir. Əmək zədəsi və ya peşə xəstəliyi ilə bağlı əmək qabiliyyətinin itirilmə faizi 25-dək təyin olunduğu hallarda, onun müddəti sağlamlığın pozulmasının xarakterindən və reabilitasiya tədbirlərinin səmərəliliyindən asılı olaraq 1 il müəyyənləşdirilir.