Yuxarı

Azərbaycanda "Təhlükəsiz iş aylığı" elan olunub

Məqsəd iş yerlərində sağlam və təhlükəsiz əmək şəraitinin təmin olunmasıdır

Bakı. 25 avqust. REPORT.AZ/ Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidməti (DƏMX) bu ilin sentyabr ayını Azərbaycanda "Təhlükəsiz iş aylığı" elan edib. Bu barədə "Report"a Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.

Xidmətin rəisi Fuad Əlizadə aylıq çərçivəsində həyata keçiriləcək Tədbirlər Planının təsdiq edildiyini diqqətə çatdırıb. O bildirib ki, "Təhlükəsiz iş aylığı"nın keçirilməsində məqsəd iş yerlərində sağlam və təhlükəsiz əmək şəraitinin təmin olunması, istehsalatda baş verə biləcək bədbəxt hadisələrin qarşısının alınması üçün önləyici tədbirlərin görülməsi, bu sahədə mövcud nöqsanların aradan qaldırılması, işəgötürənlərin və işçilərin bu məsələlərə diqqətinin artırılmasıdır: "Həyata keçirilən dövlət nəzarətinin nəticələrinə əsasən əmək qanunvericiliyinin, o cümlədən əməyin mühafizəsi normalarının daha çox pozulduğu iş sahələri sırasında avtomobillərə texniki xidmət və avtoyuma məntəqələri də var. Tədbirlər Planına uyğun olaraq, gələn ay sosial partnyorların və əlaqədar dövlət qurumlarının nümayəndələrinin iştirakı ilə belə müəssisələrdə və istehsalat qəzası riski yüksək olan digər sahələrdə əmək qanunvericiliyinə əməl olunması vəziyyəti yerindəcə araşdırılacaq. Həmin iş yerlərində əməyin mühafizəsi və ümumən əmək münasibətləri sahəsində aşkar edilən nöqsanların, həmçinin işçilərin əmək müqaviləsi bağlanmadan və elektron informasiya sistemində qeydiyyatdan keçirilmədən, qeyri-leqal formada əmək fəaliyyətinə cəlb olunması hallarının aradan qaldırılması üçün müvafiq tədbirlər görüləcək".

Xidmət rəisi "Təhlükəsiz iş aylığı" çərçivəsində maarifləndirmə tədbirlərinə də xüsusi önəm veriləcəyini qeyd edib: "Bakıda və respublikanın regionlarındakı avtomobillərə texniki xidmət və avtoyuma məntəqələrinin işçilərinin, habelə işəgötürənlərin iştirakı ilə maarifləndirmə xarakterli seminar-müşavirələrin, dəyirmi masaların, görüşlərin keçirilməsi də nəzərə tutulur. Bu tədbirlərdə Dövlət Əmək Müfəttişliyi Xidmətinin və onun regional bölmələrinin əməkdaşları tərəfindən əmək qanunvericiliyinə, o cümlədən əməyin mühafizəsinə dair geniş məlumatlandırma işləri aparılacaq, onların sualları cavablandırılacaq".

F.Əlizadə ilk dəfə olaraq ötən ilin sentyabrında Azərbaycanda "Təhlükəsiz iş həftəsi", sonralar bu ilin yanvar-fevral aylarında "Təhlükəsiz iş ongünlüyü", aprel ayında isə "Təhlükəsiz iş aylığı"nın keçirildiyini diqqətə çatdırıb: "Həmin tədbirlər çərçivəsində işəgötürənlərin və işçilərin müvafiq mövzu ilə bağlı dolğun şəkildə məlumatlandırılması, habelə istehsalat qəzası riski yüksək olan iş yerlərində əməyin mühafizəsi vəziyyətinin araşdırılaraq, aşkar olunan nöqsanların aradan qaldırılması üçün məqsədyönlü işlər görülüb. Ümumiyyətlə, həm dövlət nəzarətinin gücləndirilməsi, həm də qeyd edilən tədbirlər çərçivəsində aparılmış işlər müsbət nəticələrini verir. Məsələn, bu ilin birinci yarımilində əmək qanunvericiliyinin pozulması faktlarının sayı 2014-cü ilin yanvar-iyun ayları ilə müqayisədə 12,8 faiz, həmçinin istehsalatla əlaqəli bədbəxt hadisələrin sayı 42,1 faiz, bu hadisələr nəticəsində dünyasını dəyişənlərin sayı 2 dəfə, xəsarət alanların sayı isə 48,8 faiz azalıb. Əminik ki, növbəti "Təhlükəsiz iş aylığı" da bu sahədə müsbət göstəricilərin daha da artmasında mühüm rol oyanayacaq".

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi