Bakı. 27 yanvar. REPORT.AZ/ "Prezident tərəfindən imzalanan pensiya islahatı konsepsiyasına uyğun olaraq qanunvericiliyə dəyişikliklər edilməsi üzərində iş gedir. Dəyişikliklərdən biri də əmək pensiyasının baza hissəsinin restrukturizasiyasıdır. Burada minimum pensiya məbləği göstəricisi əvəz olunaraq, vahid sığorta hissəsindən ibarət olan pensiyaların təyin edilməsi nəzərdə tutulur". "Report" xəbər verir ki, bunu Dövlət Sosial Müdafiə Fondunun (DSMF) sədri Elman Mehdiyev bu gün keçirilən brifinqdə deyib.
Sədr bildirib ki, bu, islahatın tələblərinə uyğun olaraq qanunvericiliyə dəyişiklik aparıldıqdan sonra pensiyaların bütün məbləğinin sığorta hissəsi şəklində konvertasiyası deməkdir: "Pensiya hazırkı baza və sığorta hissəsindən deyil, yalnız vahid tərkibdə sığorta hissəsindən ibarət olacaq. Bunun verəcəyi əsas üstünlük ondan ibarətdir ki, indeksləşmə prosesində bütün pensiya məbləğlənin indeksləşməsini aparacağıq. Dövlət başçısının imzaladığı sərəncamdan da göründüyü kimi, pensiyaların yalnız sığorta hissəsi indeksləşdirilir, lakin islahatdan sonra pensiyaların bütün məbləği sığorta hissəsi adlanaraq tam indeksləşdiriləcək. Bu, daha məqbul variantdır".
E.Mehdiyev əlavə edib ki, aparılan islahat bazar iqtisadiyyatı şəraitində pensiyaların ümumi məbləğinin inflyasiya təsirlərindən qorunması mexanizmini ifadə edir.