Yuxarı

Azərbaycanda ötən il doğulan uşaqlar üçün gözlənilən ömür uzunluğu açıqlanıb

2004-cü ildən bu günədək ölkədə uşaq siyasəti ilə bağlı 17 dövlət proqramı qəbul edilib

Bakı. 7 noyabr. REPORT.AZ/ 2004-cü ildən bu günədək Azərbaycanda uşaq siyasəti ilə bağlı 17 dövlət proqramı qəbul edilib.

Bu barədə "Report"a Dövlət Statistika Komitəsindən (DSK) bildirilib.

Hazırda 18 yaşadək uşaqlar ölkə əhalisinin 26,7 faizini təşkil edir.

Məlumatda göstərilib ki, 2014-cü ildə Azərbaycanda 170,5 min, cari ilin 8 ayı ərzində isə 109 min körpə dünyaya gəlib ki, onların da 53,2 faizini oğlan, 46,8 faizini isə qızlar təşkil edir. Körpələrin 1970-i əkiz, 63-ü üçəmdir. Hesablamalara görə ötən il doğulan uşaqlar üçün gözlənilən ömür uzunluğu 74,2 yaş, o cümlədən oğlanlarda 71,6, qızlarda isə 76,8 yaş təşkil edir.

"Son illərdə ölkədə körpə ölümü nəzərəçarpacaq dərəcədə azalıb", - DSK-dan bildirilib.

Ötən əsrin 60-cı illərində körpə ölümü hər 1 000 nəfər diri doğulana orta hesabla 49,1, 90-cı illərdə 28,2 olduğu halda, 2014-cü ildə bu göstərici azalaraq 10,2 təşkil edib.

2015-ci ilin əvvəlinə ölkədə uşaqlara tibbi xidmət göstərən 251 poliklinika, ambulatoriya və uşaq şöbəsi olan müəssisələrdə 4 min nəfər həkim-pediatr çalışıb.

Cari ilin əvvəlinə ölkədə idman seksiyalarında məşğul olan uşaqların sayı 349,4 min nəfər olub.

Uşaqlar daha çox futbol, voleybol, şahmat, yüngül atletika, sərbəst güləş, basketbol və stolüstu tennis kimi idman növlərinə maraq göstərirlər.

2015-ci il iyul ayının 1-i vəziyyətinə ölkədə 9,9 min ailədə olan 19,2 min uşağa aylıq sosial müavinət təyin olunub. Bu müavinətləri alan uşaqların 70 nəfəri şəhid ailələrinin, 17,8 mini müharibə əlillərinin, 1,1 mini I və II qrup Çernobıl AES əlillərinin, 230 nəfəri isə müddətli xidmətdə olan hərbi qulluqçuların uşaqları olub. Həmçinin, sağlamlıq imkanları məhdud olan 65,6 min uşağa və 6 176 ailənin 1 yaşınadək olan 6 228 uşağına aylıq sosial müavinətlər verilib.

Bundan əlavə, 117,5 min aztəminatlı ailənin 252,1 min nəfər 18 yaşadək üzvü ünvanlı dövlət sosial yardımı alıb.

Hazırda Azərbaycanda 1 706 məktəbəqədər təhsil müəssisəsi, 4 475 gündüz ümumtəhsil məktəbi, 113 peşə məktəbi və peşə liseyi, 61 orta ixtisas təhsil müəssisəsi, 53 ali məktəb fəaliyyət göstərir. Mədəniyyət və Turizm Nazirliyi sisteminin klub müəssisələrində 2 260 uşaq dərnəkləri və kollektivləri, 80 uşaq kitabxanası və 237 uşaq musiqi incəsənət və rəssamlıq məktəbləri var.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi