Azərbaycanda istehsalatla əlaqəli bədbəxt hadisələr azalıb

Azərbaycanda istehsalatla əlaqəli bədbəxt hadisələr azalıb Son bir ayda iş yerlərində qrup halında bədbəxt hadisə qeydə alınmayıb
Sosial müdafiə
14 May , 2015 15:52
Azərbaycanda istehsalatla əlaqəli bədbəxt hadisələr azalıb

Bakı. 14 may. REPORT.AZ/ Bu ilin aprel ayında Azərbaycanda istehsalatla əlaqəli bədbəxt hadisələrin sayında azalma qeydə alınıb. Bu barədə "Report"a Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.

Məlumatda bildirilir ki, bu ilin aprel ayında qeydə alınan istehsalatla əlaqəli bədbəxt hadisələrin sayı ötən ilin müvafiq dövrü ilə müqayisədə 20-dən 12-yə enib.

Ötən ilin aprel ayında istehsalatla əlaqəli qrup halında 3 bədbəxt hadisə qeydə alındığı halda, son bir ayda iş yerlərində belə hadisə baş verməyib. Həmçinin apreldə istehsalatla əlaqəli bədbəxt hadisələr nəticəsində dünyasını dəyişənlərin sayı 54,5 faiz, xəsarət alanların sayı isə 50 faiz azalıb.

Ölkədə çoxsaylı iş yerlərinin açılması şəraitində istehsalat qəzalarının sayının azalması əmək qanunvericiliyinə əməl olunmasına, o cümlədən əməyin mühafizəsinə dövlət nəzarətinin gücləndirilməsinin, həmçinin əməyin mühafizəsi ilə əlaqədar həyata keçirilən ardıcıl təbliğat-maarifləndirmə işlərinin müsbət nəticəsidir. DƏMX-nin ötən ilin sentyabrında ölkədə ilk dəfə “Təhlükəsiz iş həftəsi”, bu il yanvarın 26-dan fevralın 5-dək “Təhlükəsiz iş ongünlüyü”, aprel ayında isə “Təhlükəsiz iş aylığı” keçirməsi də bu sahədə xüsusi önəm kəsb edib.

Həmin tədbirlər çərçivəsində Bakıda və respublikanın bölgələrində işəgötürənlərlə görüşlər keçirilərək, əməyin mühafizəsi norma və standartları, qaydaları barədə onlara dolğun məlumatlar verilib. Habelə istehsalat qəzası riski yüksək olan iş sahələrində əmək şəraitinin təhlükəsizliyi vəziyyətinin qiymətləndirilməsi üçün nəzarət tədbirləri həyata keçirilib, onlarda əməyin mühafizəsi sahəsində aşkar olunan nöqsanların aradan qaldırılmasına yönələn məqsədyönlü işlər görülüb.

Son xəbərlər

Orphus sistemi