Azərbaycanda insan alveri ilə mübarizə mövzusunda maarifləndirmə tədbirləri keçirilir

Azərbaycanda insan alveri ilə mübarizə mövzusunda maarifləndirmə tədbirləri keçirilir Tədbirlərdə ilk peşə-ixtisas təhsili müəssisələrinin şagirdlərinə interaktiv şəkildə məlumatlar verilir
Sosial müdafiə
28 Mart , 2016 13:33
Azərbaycanda insan alveri ilə mübarizə mövzusunda maarifləndirmə tədbirləri keçirilir

Bakı. 28 mart. REPORT.AZ/ Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Təminat Xidmətinin tabeliyindəki İnsan Alveri Qurbanlarına Yardım Mərkəzi respublikanın bölgələrindəki ilk peşə-ixtisas təhsili müəssisələrində insan alveri ilə mübarizə mövzusunda maarifləndirmə tədbirləri keçirir.

Bu barədə "Report"a nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.

Məlumata görə, respublikanın Xızı, Şabran, Siyəzən rayonlarında başlanılan tədbirlərin bu gündən etibarən Mingəçevir və Naftalan şəhərlərində, Ağdaş, Goranboy, Yevlax və digər rayonlardakı ilk peşə-ixtisas təhsili müəssisələrində davam etdirilməsi planlaşdırılıb. Tədbirlərdə ilk peşə-ixtisas təhsili müəssisələrinin şagirdlərinə insan alveri anlayışı, onun növləri, insanların hansı hallarda insan alveri qurbanına çevrildiyi, insan alveri ilə mübarizə formaları, eləcə də uşaq əməyinin istismarı hallarından qorunma barədə interaktiv şəkildə məlumatlar verilir. İnsan alveri ilə mübarizə mövzusuna dair sosial çarx nümayiş etdirilir, yeniyetmə və gənclərin müvafiq mövzu ilə əlaqədar sualları cavablandırılır. Həmçinin onlara insan alveri, onunla mübarizə vasitələri, İnsan Alveri Qurbanlarına Yardım Mərkəzi, Mərkəzin Qaynar xətti barədə məlumatların əks olunduğu bukletlər və kitabçalar təqdim olunur.

Qeyd olunan tədbirlər Azərbaycan Respublikası Prezidentinin 2014-cü il 24 iyul tarixli 667 nömrəli Sərəncamı ilə təsdiq olunmuş “Azərbaycan Respublikasında insan alverinə qarşı mübarizəyə dair 2014-2018-ci illər üçün Milli Fəaliyyət Planı”na əsasən “Təhsil və təlim-tərbiyə müəssisələrində uşaqların insan alveri və uşaq əməyinin istismarı ilə bağlı maarifləndirilməsi” layihəsi çərçivəsində təşkil olunur. Maarifləndirmə tədbirlərinin ölkənin 30-dan çox rayon və şəhərindəki ilk peşə-ixtisas təhsili müəssisələrində həyata keçirilməsi nəzərdə tutulub.

Son xəbərlər

Orphus sistemi