Azərbaycanda həbsxanalarda cəza çəkməkdən azad olunmuş şəxslər üçün Sosial Adaptasiya Mərkəzi tikilir

Azərbaycanda həbsxanalarda cəza çəkməkdən azad olunmuş şəxslər üçün Sosial Adaptasiya Mərkəzi tikilir ƏƏSMN bu ilin 6 ayında cəza çəkməkdən azad edilən 3484 nəfərə birdəfəlik pul müavinəti verib
Sosial müdafiə
25 İyul , 2016 20:00
Azərbaycanda həbsxanalarda cəza çəkməkdən azad olunmuş şəxslər üçün Sosial Adaptasiya Mərkəzi tikilir

Bakı. 25 iyul. REPORT.AZ/ Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi penitensiar müəssisələrdə cəza çəkməkdən azad edilən, tibbi və sosial yardıma ehtiyacı olan 3484 nəfər şəxsi birdəfəlik pul müavinəti ilə təmin edib.

Bu barədə "Report"a nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.

Bildirilib ki, bu ilin 6 ayında müvafiq qanunvericiliyə uyğun olaraq həmin insanların hər birinə minimum əmək haqqının 4 misli məbləğində, yəni 420 manat məbləğində müavinət ödənilib. Qeyd olunan dövrdə həmin şəxslərdən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin məşğulluq orqanlarına iş üçün müraciət edən insanların kvota üzrə ayrılmış iş yerlərində məşğulluqlarının təmin edilməsi üçün müvafiq işlər görülüb.

Ümumiyyətlə, nazirlik tərəfindən Qobustan rayonunda penitensiar müəssisələrdə cəza çəkməkdən azad olunmuş şəxslər üçün 50 yerlik Sosial Adaptasiya Mərkəzi də inşa etdirilir. Mərkəzin yaradılmasında məqsəd həmin şəxslərin sosial mühitə uyğunlaşdırılması, onlara müvafiq sahələrdə zəruri yardımların göstərilməsi, onların sosial adaptasiyasının daha dolğun şəkildə dəstəklənməsi üçün məqsədyönlü tədbirlərin həyata keçirilməsidir.

Penitensiar müəssisələrdə cəza müddəti başa çatmaqda olan şəxslərin əmək bazarına çıxışının və gələcək məşğulluğunun dəstəklənməsi də diqqətdə saxlanılır. Keçən il və cari ilin ötən dövründə 200 nəfərə yaxın belə şəxs üçün əmək bazarında tələb olunan peşələr üzrə peşə hazırlığı kursları təşkil edilib.

Son xəbərlər

Orphus sistemi