Bakı. 16 fevral. REPORT.AZ/ "Azərbaycanda ən yüksək uzunömürlülük indeksləri dağlıq və dağətəyi ərazilərdə müşahidə olunur".
"Report" xəbər verir ki, bunu AMEA-nın Fiziologiya İnstitutunun direktoru, biologiya üzrə elmlər doktoru Ulduz Həşimova deyib.
O bildirib ki, statistik məlumatların təhlili ölkədə uzunömürlülüyün coğrafiyasını müəyyən etməyə və müvafiq xəritənin tərtibinə imkan verib.
Araşdırmanın nəticələrini diqqətə çatdıran alim Azərbaycanda uzunömürlülüyün demoqrafik aspektlərindən danışıb: "Uzunömürlülük ayrı-ayrı rayonlarda müxtəlif səviyyədə müşahidə olunur. Rayonlararası fərqlər kifayət dərəcədə qabarıq olaraq ən aşağı 3,4 faizdən ən yuxarı 53,8 faizə qədər diapazonda dəyişir. Ölkə üzrə ən aşağı uzunömürlülük indeksləri Abşeron iqtisadi zonası, cənub-şərq və cənub-qərb bölgələrinin bəzi rayonlarında qeydə alınır. Ən yüksək göstərici əsasən ölkənin dağlıq və dağətəyi ərazilərində müşahidə olunur. Şəhərlərdə uzunömürlülük indeksi rayonlar ilə müqayisədə daha aşağıdır. Coğrafi cəhətdən yaxın rayonlarda isə bu göstəricilər oxşardır".