​Azərbaycanda əmək haqqı siyasəti üzrə Milli Üçtərəfli Konfrans keçirilir

​Azərbaycanda əmək haqqı siyasəti üzrə Milli Üçtərəfli Konfrans keçirilir Konfrans iki gün davam edəcək
Sosial müdafiə
18 Mart , 2015 12:18
​Azərbaycanda əmək haqqı siyasəti üzrə Milli Üçtərəfli Konfrans keçirilir

Bakı. 18 mart. REPORT.AZ/ Azərbaycanda əmək haqqı siyasəti üzrə Milli Üçtərəfli Konfrans keçirilir. “Report” xəbər verir ki, konfransı giriş sözü ilə açan əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini İdris İsayev Azərbaycanın makroiqtisadi inkişafından, habelə qeyri-neft sektorunun tərəqqisi yönündə əldə olunan nailiyyətlərdən danışıb.

Nazir müavini hazırda Azərbaycanda bir çox sahələrdə orta aylıq əmək haqqının minimum aylıq əmək haqqını dəfələrlə üstələdiyini bildirib: “Məsələn, 2013-cü ildə ölkə üzrə orta aylıq əmək haqqı minimum aylıq əmək haqqından 4,4 dəfə, mədənçıxarma sənayesində 15,6 dəfə, maliyyə və sığorta fəaliyyəti üzrə 11,6 dəfə, informasiya və rabitə üzrə 6,9 dəfə, peşə, elmi və texniki fəaliyyət üzrə 6,9 dəfə, tikinti üzrə 6,4 dəfə yüksək olub. Hər il respublikada minimum aylıq əmək haqqı bir, bəzi illərdə hətta iki dəfə artırılıb. Nəticədə 2005-ci illə müqayisədə orta aylıq əmək haqqı 3,6 dəfə artdığı halda, minimum aylıq əmək haqqı 4 dəfə artırılıb. 2014-cü ildə xalis minimum aylıq əmək haqqı xalis orta aylıq əmək haqqının 27,7 %-ni təşkil edib. Hazırda minimum aylıq əmək haqqı ölkə üzrə yaşayış minimumunun 80,2%-i səviyyəsindədir”.

İ.İsayev bildirib ki, müvafiq təhlillər aparılmadan, minimum aylıq əmək haqqının təsir dairəsi tam qiymətləndirilmədən və beynəlxalq təcrübədən səmərəli istifadə etmədən minimum aylıq əmək haqqının Xartiyanın tələbləri əsasında əhəmiyyətli dərəcədə artırılması inflyasiyaya şərait yarada bilər. Ona görə də belə bir konfransın keçirilməsi BƏT-in, respublikanın aidiyyəti qurumlarının, sosial partnyorların mütəxəssislərinin bu məsələləri dərindən təhlil etmələri, ümumən ölkəmizdə minimum aylıq əmək haqqının müəyyənləşdirilməsi, inkişaf tendensiyası, yaşayış minimumu, yoxsulluq həddi, orta aylıq əmək haqqı və s. amillərlə bağlı müqayisəli təhlillərin aparılması, hədəf və perspektivlərin müəyyən edilməsi baxımından xüsusi əhəmiyyət daşıyır”.

Dövlət Sosial Müdafiə Fondunun sədr müavini Zakir Babayev ölkədə qabaqcıl beynəlxalq təcrübə əsasında qurulan milli sığorta-pensiya sisteminin əmək haqları ilə pensiya təminatı arasında üzvi əlaqəni təmin etdiyini, əmək haqlarında artımın son nəticədə gələcək pensiya təminatının artımına da imkan verdiyini bildirib.

AHİK-in sədr müavini İlyas Əliyev AHİK-in işçilərin layiqli əmək haqqı ilə təmin olunmasına yönələn fəaliyyətindən bəhs edib, dövlətin milli əmək haqqı sisteminin inkişafına yönələn səylərinin həmkarlar təşkilatları tərəfindən dəstəkləndiyini nəzərə çatdırıb.

İki gün davam edəcək konfransda ölkədə əmək haqlarının artım dinamikasına nəzər salınacaq, əmək haqqı ilə bağlı qanunvericilik, bu sahədə proqnozlaşdırma, minimum aylıq əmək haqqının müəyyən edilməsi və əməyin ödəniş sistemlərində tətbiqi, əmək haqqı sahəsində ümumi tendensiyalar, minimum əmək haqqının institusional aspektləri, dünya ölkələrində bu məsələyə yanaşmalar və s. təhlil olunacaq, hədəf və perspektivlər müəyyən ediləcək.

Qeyd edək ki, tədbir Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) təşkilatçılığı, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası (AHİK) və Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının (ASK), habelə ayrı-ayrı hökumət və qeyri-hökumət qurumlarının nümayəndələrinin, Beynəlxalq Əmək Təşkilatının (BƏT) mütəxəssislərinin iştirakı ilə baş tutub. 

Son xəbərlər

Orphus sistemi