​"Azərbaycanda Əlilliyin Qiymətləndirilməsi: cari nailiyyətlər və gələcək addımlar” mövzusunda beynəlxalq seminar keçiriləcək

​"Azərbaycanda Əlilliyin Qiymətləndirilməsi: cari nailiyyətlər və gələcək addımlar” mövzusunda beynəlxalq seminar keçiriləcək Məqsəd bu sahədə mütərəqqi dünya təcrübəsi ilə tanış olmaq və ondan istifadə imkanlarını nəzərdən keçirməkdir
Sosial müdafiə
8 Dekabr , 2014 10:34
​Azərbaycanda Əlilliyin Qiymətləndirilməsi: cari nailiyyətlər və gələcək addımlar” mövzusunda beynəlxalq seminar keçiriləcək

Bakı. 8 dekabr.REPORT.AZ/ Dekabrın 15-16-da Bakı şəhərində Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (ƏƏSMN) və Dünya Bankının təşkilatçılığı ilə “Azərbaycanda Əlilliyin Qiymətləndirilməsi: cari nailiyyətlər və gələcək addımlar” mövzusunda beynəlxalq təşkilatların nümayəndələri ilə birgə seminar keçiriləcək.

Bu barədə "Report"a nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən bildirilib.

ƏƏSMN tərəfindən tibbi-sosial ekspertiza və reabilitasiya sisteminin müasir tələblərə uyğun qurulması sahəsində aparılan işlərdə qabaqcıl dünya təcrübəsinin öyrənilməsi və tətbiqinə, bu sahədə mötəbər beynəlxalq qurumlarla məsləhətləşmələrin aparılmasına xüsusi önəm verilir. Keçiriləcək seminarın məqsədi də Azərbaycanda tətbiq olunan əlilliyin müəyyən olunması və tibbi-sosial reabilitasiya sistemini beynəlxalq təşkilatların mütəxəssisləri ilə birgə təhlil etmək, bu sahədə mütərəqqi dünya təcrübəsi ilə tanış olmaq və ondan istifadə imkanlarını nəzərdən keçirməkdir.

Seminar zamanı Azərbaycanda əlilliyin qiymətləndirilməsi meyarlarının təkmilləşdirilməsi, habelə əlilliyi olan şəxslərin reabilitasiyasında tibbi modeldən sosial modelə keçid prosesi ilə bağlı zəruri islahatlar müzakirə olunacaq. Tədbirdə Ümumdünya Səhiyyə Təşkilatının və Dünya Bankının əlillik və reabilitasiya üzrə mütəxəssislərinin, ölkənin aidiyyəti dövlət qurumlarının, Azərbaycanda fəaliyyət göstərən beynəlxalq təşkilatların nümayəndələrinin iştirakı nəzərdə tutulur.

Son xəbərlər

Orphus sistemi