Yuxarı

Azərbaycanda ailələrin boşanmasından sonra uşaqların hansı valideynin yanında qalması məsələsində yenilik ediləcək

Bununla bağlı Ailə Məcəlləsinə dəyişiklik olunacaq

Bakı. 6 may. REPORT.AZ/ Azərbaycanda ailələrin boşanmasından sonra uşaqların hansı valideynin yanında qalması məsələsində yenilik ediləcək. 

"Report"un məlumatına görə, bununla bağlı Ailə Məcəlləsinə dəyişiklik olunacaq.  

Prezident İlham Əliyevin təşəbbüsü ilə Milli Məclisə daxil olan dəyişiklik layihəsi parlamentin Ailə, qadın və uşaq məsələləri, Əmək və sosial siyasət, eləcə də Gənclər və idman komitələrinin bugünkü birgə iclasında müzakirəyə çıxarılıb.

Dəyişiklik layihəsinə əsasən, məcəllənin 22.2.1-ci maddəsi yeni redaksiyada verilir. Təklif olunan dəyişikliyə görə, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qaldığını müəyyən etməli, əgər uşaq həmin valideynin yanında deyildirsə, onun digər valideyndən alınıb yanında qalması müəyyən edilən valideynə verilməsi məsələsi həll edilməlidir.

İclasda, həmçinin məcəllənin 23.3-cü maddəsinə əlavələr edilməsi məsələsinə də baxılıb. Əlavəyə görə, "çıxarışı" sözündən sonra "nikahın pozulmasının dövlət qeydiyyatı üçün" sözləri əlavə edilib. Eyni zamanda, 112.1-ci maddəyə "bu qətnamə qanuni qüvvəyə mindiyi gündən miqdarı dəyişdirilmiş alimentin tutulması hesablanır və ya şəxs aliment ödəməkdən azad edilir" cümləsi əlavə edilib.

Həmçinin, məcəllənin 180.1 və 180.2-ci maddələri yeni redaksiyada verilib:

180.1-ci maddəyə əsasən, müvafiq icra hakimiyyəti orqanı nikahın pozulması haqqında qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsindən çıxarış daxil olduqdan sonra nikahın pozulmasını dövlət qeydiyyatını aparır.

180.2-ci maddəyə görə, nikahın pozulması qeydə alındıqdan sonra bu barədə şəhadətnamə almış şəxs yeni nikah bağlaya bilər.

Qeyd edək ki, Məcəlləyə təklif edilən dəyişikliklər layihəsi parlamentin plenar iclasına tövsiyə olunub. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi