Yuxarı

Bu il Azərbaycanda 8 076 halda əmək qanunvericiliyinin pozulması faktı aşkarlanıb

Artıq cərimələrin 1 milyon manatdan çoxu dövlət büdcəsinə ödənilib

Bakı. 22 iyul. REPORT.AZ/ Azərbaycanda ilin ilk yarımilində Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (ƏƏSMN) yanında Dövlət Əmək Müfəttişliyi Xidməti (DƏMX) 8 076 halda əmək qanunvericiliyinin pozulması faktı aşkar edib. Bu barədə "Report"a ƏƏSMN-in İctimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.

Hüquq pozuntularının daha çox ticarət və ictimai iaşə, topdansatış, tikinti sektorlarında və əsasən özəl sektora aid müəssisələrdə baş verdiyi müəyyən edilib. Yol verilmiş hüquq pozuntularının aradan qaldırılması üçün qanunvericiliyə uyğun formada zəruri tədbirlər görülüb. Əmək qanunvericiliyinin pozulması hallarına görə aidiyyəti işəgötürənlərə qarşı İnzibati Xətalar Məcəlləsinə əsasən, müvafiq məbləğlərdə cərimələr tətbiq olunub. Həmin cərimələrin 53,8 faizinin (1 047 777 manat) dövlət büdcəsinə ödənilməsi təmin edilib ki, bu da ötən ilin birinci yarımili ilə müqayisədə 119 421 manat və ya 12,8 faiz çoxdur.

Qeyd edək ki, Dövlət Əmək Müfəttişliyi Xidməti (DƏMX) işəgötürənlərdə işçi hüquqlarının təminatı, o cümlədən əməyin mühafizəsi və təhlükəsizliyi ilə bağlı işəgötürənlərdə məsuliyyətin artırılması üçün təsirli tədbirlər, habelə müvafiq mövzuda təbliğat-maarifləndirmə işlərini cari ilin 6 ayında da davam etdirib. Bu tədbirlərin növbəti müsbət nəticəsi kimi, hesabat dövründə əmək qanunvericiliyinin pozulması faktlarının sayı 2014-cü ilin yanvar-iyun ayları ilə müqayisədə 12,8 faiz azalıb.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi