Azərbaycan uşaqların qorunması üzrə reytinqin orta pilləsində qərarlaşıb

Azərbaycan uşaqların qorunması üzrə reytinqin orta pilləsində qərarlaşıb İndeks səhiyyə, təhsil və ümumiyyətlə uşaq təhlükəsizliyi göstəricilərini nəzərə alır
Sosial müdafiə
24 May , 2021 17:41
Azərbaycan uşaqların qorunması üzrə reytinqin orta pilləsində qərarlaşıb

Azərbaycan uşaqların qorunması üzrə 2020-ci ilin qlobal reytinqində (Global Childhood Report 2020) 180 ölkə arasında 90-cı yeri tutub.

“Report” reytinq araşdırmasına istinadən xəbər verir ki, ölkə mümkün 1000 baldan 857 balı toplaya bilib.

Qeyd edək ki, ölkənin indeksi 1000 bala nə qədər yaxındırsa, uşaqların qorunması səviyyəsi bir o qədər yüksəkdir; 1-ə yaxınlaşdıqda isə ölkədə uşaqların qorunması səviyyəsi bir o qədər pis sayılır.

İndeks səhiyyə, təhsil və ümumiyyətlə uşaq təhlükəsizliyi göstəricilərini nəzərə alır.

Reytinqdə birinci və ikinci yerləri Sinqapur və Sloveniya tutub, üçüncü yeri isə Finlandiya və İsveç bölüşüb. Uşaqların qorunması reytinqində ən aşağı pillələri Niger, Mərkəzi Afrika Respublikası və Çad tutub.

Reytinqə görə, Azərbaycanda 5 yaşınadək uşaqların orta ölüm nisbəti 10 000 doğuşa 215 ölüm təşkil edir. Uşaqların 8,9 faizi (əsasən qızlar) 15-19 yaşlarında nikaha daxil olub, uşaqların 17,8 faizi 5 yaşınadək kifayət qədər qidalanmır, uşaq əməyinin istismarının göstəricisi isə 6,5 faizdir.

Yeniyetmələrin hamiləlik nisbəti hər 1 000 qıza 55,8 nəfər, uşaq intihar nisbəti isə hər 100 000 nəfərə 0,9 nəfər təşkil edir.

Dövlət Statistika Komitəsinin məlumatına görə, bu ilin yanvar-mart aylarında ölkədə 29 484 körpə dünyaya gəlib ki, bu da bir il əvvələ nisbətən 2,8 faiz çoxdur. Doğulan uşaqların 53 faizi oğlanlar, 47 faizi qızlardır.

2021-ci ilin yanvar-mart aylarında Azərbaycan əhalisi 10 981 nəfər və ya 0,1 faiz artaraq, 1 aprel 2021-ci il tarixinə 10 milyon 130 144 nəfərə çatıb.

Son xəbərlər

Orphus sistemi