Yuxarı

​Azərbaycan Prezidenti İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi barədə fərman imzalayıb

Nazirlər Kabinetinə və Ədliyyə Nazirliyinə müfaviq göstərişlər verilib

Bakı. 4 fevral. REPORT.AZ/ Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev “Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının 2014-cü il 30 dekabr tarixli 1162-IVQD nömrəli Qanununun tətbiqi barədə fərman imzalayıb.

"Report" xəbər verir ki, sərəncama əsasən, Nazirlər Kabinetinə Azərbaycan Respublikası qanunlarının və Azərbaycan Respublikası Prezidentinin aktlarının “Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının Qanununa uyğunlaşdırılması ilə bağlı təkliflərini üç ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etməsi, Nazirlər Kabinetinin normativ hüquqi aktlarının həmin Qanuna uyğunlaşdırılmasını üç ay müddətində təmin edib Azərbaycan Respublikasının Prezidentinə məlumat verməsi, mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının həmin Qanuna uyğunlaşdırılmasını nəzarətdə saxlaması və bunun icrası barədə beş ay müddətində Azərbaycan Respublikasının Prezidentinə məlumat verməsi, həmin Qanundan irəli gələn digər məsələləri həll etməsi tapşırılıb.

Ədliyyə Nazirliyi isə mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının və normativ xarakterli aktların “Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının Qanununa uyğunlaşdırılmasını təmin edib Nazirlər Kabinetinə məlumat verməlidir.

Eyni zamanda, İnzibati Xətalar Məcəlləsinin 247.1 və 247.2-ci maddələrində nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini Vergilər Nazirliyinin həyata keçirəcəyi müəyyən edilib.

“Maddə 247. Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələr, qanunla təsdiq olunmuş hasilatın pay bölgüsü haqqında, əsas ixrac boru kəməri haqqında və digər bu qəbildən olan sazişlər çərçivəsində fəaliyyət üzrə vergi hesabatlarının və dövlət rüsumunun tutulması barədə hesabatların təqdim edilmə qaydalarının pozulması

247.1. Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələr, qanunla təsdiq olunmuş hasilatın pay bölgüsü haqqında, əsas ixrac boru kəməri haqqında və digər bu qəbildən olan sazişlər çərçivəsində fəaliyyət üzrə vergi hesabatlarının əsas olmadan müəyyən edilən müddətdə müvafiq icra hakimiyyəti orqanına təqdim edilməməsinə (həmin sazişlərdə başqa qaydalar nəzərdə tutulduğu hallar istisna olmaqla) görə -

vəzifəli şəxslər əlli manat miqdarında cərimə edilir.

247.2. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş hallarda və qaydada dövlət rüsumunun tutulması barədə hesabatın müvafiq icra hakimiyyəti orqanına təqdim edilməməsinə görə -

vəzifəli şəxslər əlli manat miqdarında cərimə edilir.”.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi