“Azərbaycan İnnovasiyaların İxracı Konsorsiumu” Özbəkistan nümayəndəliyi üçün Ölkə meneceri vakansiyası üzrə işçi axtarır

“Azərbaycan İnnovasiyaların İxracı Konsorsiumu” Özbəkistan nümayəndəliyi üçün Ölkə meneceri vakansiyası üzrə işçi axtarır Bakı. 25 dekabr. REPORT.AZ/ “Azərbaycan İnnovasiyaların İxracı Konsorsiumu” (AZİNNEX) Özbəkistan nümayəndəliyi üçün Ölkə meneceri vakansiyası üzrə işçi axtarır.
Sosial müdafiə
25 Dekabr , 2017 20:42
“Azərbaycan İnnovasiyaların İxracı Konsorsiumu” Özbəkistan nümayəndəliyi üçün Ölkə meneceri vakansiyası üzrə işçi axtarır
Report

Bakı. 25 dekabr. REPORT.AZ/ “Azərbaycan İnnovasiyaların İxracı Konsorsiumu” (AZİNNEX) Özbəkistan nümayəndəliyi üçün Ölkə meneceri vakansiyası üzrə işçi axtarır.

Bu barədə "Report"a Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin İnformasiya təminatı şöbəsindən məlumat verilib.

Elanda bildirilir ki, "Azərbaycan İnnovasiyaların İxracı Konsorsiumu" Azərbaycanın 10 ən qabaqcıl İT şirkətləri tərəfindən yaradılıb. Konsorsiumun işi üzv şirkətlərin məhsul və xidmətlərinin beynəlxalq bazarlarda tanıtımını və satışını təşkil etməkdir. Ölkə menecerinin Özbəkistan Respublikasında yerləşəcək nümayəndəliyə rəhbərlik etməsi və adıçəkilən ölkədə fəaliyyət göstərməsi nəzərdə tutulur.

Yaradılacaq nümayəndəliyin əsas fəaliyyət istiqamətləri “Azərbaycan İnnovasiyalar İxracı Konsorsiumu”nun fəaliyyətini Özbəkistanda təşkil etmək, Özbəkistanda mövcud tenderləri araşdırmaq, uyğun tenderlərlə bağlı məlumatları toplamaq, tenderlərə müraciətlər etmək, tender elan etmiş şirkət və ya qurumlarla görüşlər keçirərək AZİNNEX haqqında məlumatlandırmaqdır.

Ölkə menecerinin əsas vəzifələri:

1. Özbəkistan Respublikasında Azərbaycanın istehsalı olan innovativ məhsulların potensial müştərilərə çıxışını təmin etmək, ölkə iqtisadiyyatının təhlili və onun Konsorsiumun marketinq fəaliyyətinə təsirinin müəyyən edilməsi;

2. Potensial müştərilərdən müraciətlərin qəbulunu həyata keçirmək, özəl və dövlət qurumlarıyla əməkdaşlıqlar qurmaq və bu qurumlardan daxil olan müraciətləri araşdırmaq və aidiyyəti üzrə cavablandırmaq, ölkədə mövcud dövlət proqramlarını, inkişaf konsepsiyalarını araşdırmaq və əməkdaşlığın həyata keçirilməsi üzrə təkliflər hazırlayaraq Bakı ofisinə çatdırmaq;

3. Özbəkistanda fəaliyyət göstərən beynəlxalq təşkilatlarla və biznes subyektlərlə qarşılıqlı əlaqələr yaratmaq və birgə layihələri həyata keçirmək üçün təkliflər planı hazırlamaq;

4. Mövcud məhsul və xidmətlərin təkmilləşdirilməsi və yeni məhsulların bazara çıxarılması ilə bağlı müvafiq təhlillərin hesabatlarının hazırlanması və təqdim edilməsi;

5. “Azərbaycan İnnovasiyaların İxracı Konsorsiumu”nun müvafiq fəaliyyət mexanizminə uyğun olaraq, Özbəkistan Respublikasının müxtəlif bölgələrində forumların, konfransların, sərgilərin və ya bu kimi tədbirlərin keçirilməsinə dair təkliflər hazırlamaq;

6. Fəaliyyət istiqaməti üzrə Özbəkistanın müvafiq qurumları ilə sazişlərin (o cümlədən müqavilə, anlaşma memorandumu, niyyət protokolu və s.) layihələrinin hazırlanmasında iştirak etmək və icrasına nəzarət etmək;

7. Ölkə üzrə, özəl və dövlət sektorunda həmçinin beynəlxalq təşkilatlar tərəfindən keçirilən tenderlərin araşdırılması, emal edilməsi və katibliyə ötürülməsi;

8. Konsorsium tərəfindən seçilmiş olan tenderlərdə iştirak üçün tələb olunan sənədlər barəsində məlumatlar toplamaq, həmin tenderlərdə Konsorsium nümayəndəsi şəklində çıxış etmək;

9. "Azərbaycan İnnovasiyaların İxracı Konsorsiumu"n fəaliyyəti ilə bağlı bilavasitə İcraçı direktorun və Konsorsiuma üzv şirkətlərin xidməti tapşırıqlarını yerinə yetirmək;

10. Konsorsiumun işinin təşkili və tənzimlənməsi haqqında təlimata riayət etmək.

Namizədə tələblər:

Tələb olunan namizədlər aşağıdakı keyfiyyətə, ixtisasa və təcrübəyə malik olmalıdır:

a) Biznesin idarə edilməsi və təşkili, İT Management, İnnovation Management, Beynəlxalq iqtisadi münasibətlər, Marketinq üzrə tam ali təhsil (MBA və EMBA üstünlükdür);

b) İnformasiya texnologiyaları və innovasiyalar sahəsində son innovativ yeniliklərdən və trendlərdən xəbərdar olmalı;

c) Rus və ingilis dillərini səlis bilmək (özbək dilini bilməsi üstünlükdür);

d) Müvafiq sahədə minimun 3 il iş təcrübəsi;

e) Satış və araşdırma bacarıqlarına malik olmaq;

f) Lazım olduqda Azərbaycana çağırılma və ya Özbəkistanın müxtəlif regionlarına və ya başqa ölkələrə ezam olunmağa hazır olmaq;

g) Xüsusi layihə idarəetmə vasitələrini bilməsi (Layihənin İdarəetmə metodikası, logframe və s.);

h) Yüksək səviyyədə təşkilatçılıq səriştəsi;

i) Təşəbbüskarlıq, innovasiyalar sahəsi üzrə vizyona malik olmaq;

j) Qərarvermə qabiliyyəti;

k) Analitik araşdırma bacarıqlarına malik olmaq;

l) Tenderlərdə iştirak təcrübəsi.

Əmək haqqı – sabit maaş olaraq razılıq əsasında müəyyən ediləcəkdir. Əmək haqqına əlavə olaraq satışdan əldə olunan gəlirdən öncədən razılaşdırılmış faiz bonus şəklində ödəniləcək.

Özbəkistanda daimi yaşayış yeri olmayan şəxsə kirayə ev Konsorsium tərəfindən təmin ediləcək.

Qeyd olunan tələblərə cavab verən namizədlər öz ərizə formalarını (CV) “Özbəkistan-koordinator” başlığı altında [email protected] elektron ünvanına 15 yanvar 2018-ci ilə qədər göndərə bilərlər. Əlavə suallarınız üçün: 012 444 74 33 

Son xəbərlər

Orphus sistemi