Yuxarı

​Azərbaycan əhalisinin sayı 9,583 mln. nəfəri ötüb

Əhalinin hər 1 000 nəfərinə hesabı ilə nikahların sayı 9,1, boşanmaların sayı isə 1,3 olub

Bakı. 21 yanvar. REPORT.AZ/ Azərbaycanda əhalinin sayı 2014-cü il dekabrın 1-nə 9 583,2 min nəfərə çataraq, ilin əvvəlindən 106,1 min nəfər və ya 1,1% artıb. Bu barədə "Report"a Dövlət Statistika Komitəsindən məlumat verilib.

Məlumata görə, əhalinin sıxlığı 1 kv. km-ə 111 nəfər olub ki, hazırda hər 1 000 nəfər kişiyə 1 011 nəfər qadın düşür. Əhalinin ümumi sayının 53,2%-ni şəhər, 46,8%-ni kənd sakinləri təşkil edib.

Ötən ilin yanvar-noyabr ayları ərzində ölkədə 156,2 min körpə doğulub və əhalinin hər 1 000 nəfərinə hesabı ilə doğulanların sayı 18,0 təşkil edib. Doğulan körpələrin 53,6%-i oğlan, 46,4%-i isə qız uşaqlarından ibarət olub. Həmin dövrdə ölkədə 50,9 min ölüm halı qeydə alınıb və əhalinin hər 1 000 nəfərinə hesabı ilə ölənlərin sayı 5,9 təşkil edib.

Ölkədə rəsmi orqanlar tərəfindən 78,5 min nikah və 11,0 min boşanma halları qeydə alınıb və əhalinin hər 1 000 nəfərinə hesabı ilə nikahların sayı 9,1, boşanmaların sayı isə 1,3 olub.

Keçən ilin yanvar-noyabr aylarında Dövlət Miqrasiya Xidməti və Daxili İşlər Nazirliyinin müvafiq qurumları tərəfindən Azərbaycana daimi yaşamaq üçün 1 534 nəfər gələn və 742 nəfər ölkədən gedən qeydə alınıb.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi