Azərbaycan əhalisi 2020-ci ildə 10 mln. nəfərdən çox olacaq

Azərbaycan əhalisi 2020-ci ildə 10 mln. nəfərdən çox olacaq Nazir müavini: “Azərbaycanda iqisadi inkişaf, sabitlik və rifah səviyyəsinin artması ölkədə çox müsbət demoqrafik vəziyyət yaradıb”
Sosial müdafiə
21 Aprel , 2016 19:36
Azərbaycan əhalisi 2020-ci ildə 10 mln. nəfərdən çox olacaq

Bakı. 21 aprel. REPORT.AZ/ Azərbaycanın əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini İdris İsayevin rəhbərlik etdiyi nümayəndə heyəti Beynəlxalq Sosial Təminat Assosiasiyasının (BSTA) və İsveçin Pensiya Agentliyinin birgə təşkilatçılığı ilə Stokholm şəhərində (İsveç) keçirilən BSTA Avropa Regional Sosial Təminat Forumunda iştirak edib.

Bu barədə "Report"a Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsindən bildirilib.

BSTA-nın Avropadan olan üzv təşkilatlarının 80%-nin təmsil olunduğu tədbir 50 ölkənin 100-ə qədər təşkilatı üzrə 335 nəfər yüksək vəzifəli siyasətçi və rəhbər şəxslərin, ekspertlərin, İKT sənayesi təmsilçilərinin, beynəlxalq təşkilatların nümayəndələrinin və başqalarının iştirakı ilə keçib.

Nazir müavini tədbirdə əhalinin sosial rifahı üçün yaranan risklərin qarşısının alınması, vətəndaşların alıcılıq qabiliyyətinin artırılması üçün görülən qabaqlayıcı tədbirlərdən bəhs edib, əmək haqlarının, əhalinin aztəminatlı hissəsinə yönələn sosial ödənişlərin artırıldığını, pensiyaların sığorta hissəsinin istehlak qiymətlərinə uyğun indeksləşdirildiyini diqqətə çatdırıb.

Ölkədə yoxsulluğun qlobal yoxsulluq səviyyəsindən 3 dəfə aşağı, yəni 5 faizədək azaldığını qeyd edən nazir müavini əhalinin yoxsul hissəsini əhatə edən ünvanlı dövlət sosial yardımı sisteminin tam avtomatlaşdırıldığını, tibbi-sosial ekspertiza sisteminin də elektronlaşdırıldığını diqqətə çatdırıb. İ.İsayev Ermənistanın Azərbaycanın 20% ərazisini işğal etməsi nəticəsində məcburi köçkünə çevrilən 1 milyondan çox insanın sosial təminat məsələlərinin (aylıq sosial ödənişlər, iş yerləri, yeni mənzillər və s.) də həll edildiyini qeyd edib, eləcə də Azərbaycanın bu sahədə gördüyü tədbirlərin miqrant böhranı ilə əhatə olunan Avropa ölkələri üçün yaxşı təcrübə olduğunu bildirib.

Nazir müavini vurğulayıb ki, Azərbaycanda iqisadi inkişaf, sabitlik və rifah səviyyəsinin artması ölkədə çox müsbət demoqrafik vəziyyət yaradıb: “Dünyanın inkişaf etmiş ölkələrindən fərqli olaraq, Azərbaycanda 65 və yuxarı yaşda olanlar ölkə əhalisinin 5,9 faizini təşkil edir. Respublika əhalisi müvafiq meyarlara görə gənc sayılır, yəni əhalinin 68,2 faizi 15-60 yaşda olanlardır ki, bu da dünya üzrə müvafiq göstəricidən 7 faiz yüksəkdir. Əgər inkişaf etmiş ölkələrdə əhalinin orta yaşı 40 yaşdan yüksəkdir, bizim əhalinin orta yaşı isə 28 yaşdır”. İ.İsayev bildirib ki, 2015-ci ildə respublika əhalisi 9,7 mln. nəfər təşkil edirdisə, 2020-ci ildə bu göstərici 10,1 mln. nəfərdən çox olacaq.

Üç ildən bir keçirilən Forumda Avropa regionu üzrə müsbət təcrübə müsabiqəsinin nəticələri də açıqlanıb. Azərbaycanın “Çağrı mərkəzi vasitəsilə avtomatlaşdırılmış pensiya təyinatı” adlı müsbət təcrübəsi müstəqil komissiya tərəfindən xüsusi sertifikata layiq görülüb və BSTA-nın Müsbət Təcrübələr məlumat bankına daxil edilib. Eyni zamanda BSTA Katibliyinin təklifi ilə Azərbaycanın mükafata layiq görülən təcrübəsi barədə təqdimat keçirilib.

Forum üç gün davam edib. 

Son xəbərlər

Orphus sistemi