​Azərbaycan Avtomobil Federasiyası yol hərəkəti təhlükəsizliyi ilə bağlı sosial layihələrə başlayıb

​Azərbaycan Avtomobil Federasiyası yol hərəkəti təhlükəsizliyi ilə bağlı sosial layihələrə başlayıb Bu layihələr yol hərəkətinin müxtəlif yaşda iştirakçılarını əhatə etməklə yanaşı, onların maarifləndirilməsinə yönəlib
Sosial müdafiə
27 Dekabr , 2014 18:32
​Azərbaycan Avtomobil Federasiyası yol hərəkəti təhlükəsizliyi ilə bağlı sosial layihələrə başlayıb

Bakı. 27 dekabr. REPORT.AZ/ Azərbaycan Avtomobil Federasiyası (AAF) yol hərəkəti təhlükəsizliyi ilə bağlı sosial layihələrə başlayıb.

Federasiyadan "Report"a verilən məlumata görə, bu layihələr yol hərəkətinin müxtəlif yaşda iştirakçılarını əhatə etməklə yanaşı, onların yol hərəkəti təhlükəsizliyi ilə bağlı maarifləndirilməsinə yönəlib.

Layihə çərçivəsində məktəbəqədər tərbiyə müəssisələri və orta məktəblərdə yol hərəkəti qaydalarının təbliğ olunması məqsədilə rəsm dərsləri təşkil olunur. Azərbaycan Təhsil Nazirliyi ilə əməkdaşlıq çərçivəsində keçirilən “Şəkillərlə öyrən” adlı bu dərslərdə şagirdlər və uşaq bağçalarında təlim-tərbiyə alan azyaşlıların iştirakı ilə yol hərəkəti qaydalarını, onlara riayət olunmanın vacibliyini izah edən müzakirələr aparılır, həmçinin Avtomobil Federasiyası tərəfindən təqdim olunan rəsmləri rəngləməklə orada təsvir edilən yol hərəkəti qaydaları öyrədilir. 

Eyni zamanda AAF-ın yol hərəkəti təhlükəsizliyi ilə bağlı hazırladığı və bu vaxtadək televiziya kanalları və şəhər monitorlarında yayımlanan videoçarxların paytaxtın bir sıra kinoteatrlarında da nümayişinə başlanılıb. “Nizami” Kino Mərkəzi və “Park Cinema”da başlanan bu yayımların gələcəkdə digər mövzularda videoçarxlarla müxtəlif kinoteatrlarda davam etdirilməsi nəzərdə tutulur.

Avtomobil Federasiyasının təşəbbüsü ilə paytaxtın bir sıra restoran və kafelərində də yol hərəkəti təhlükəsizliyi ilə bağlı aksiyalar keçirilir. Bu məqsədlə spirtli içki qəbul edərək avtomobil idarə etməyin ağır yol qəzalarına səbəb olması ilə bağlı nəşrlər paylanır.

Qeyd edək ki, bu sosial layihə Beynəlxalq Avtomobil Federasiyasının (FİA) üzvü olan Azərbaycan Avtomobil Federasiyasının mobillik siyasəti sahəsindəki fəaliyyəti çərçivəsində həyata keçirilir.

Son xəbərlər

Orphus sistemi