Bakı. 3 noyabr. REPORT.AZ/ Gənclər və idman naziri Azad Rəhimov Ağdaş rayonunda Mingəçevir, Yevlax, Ağdaş, Ağsu, Bərdə, Göyçay, Kürdəmir, Tərtər, Ucar və Zərdab sakinlərini qəbul edib.
Gənclər və İdman Nazirliyinin Mətbuat xidmətindən "Report"a verilən məlumata görə, Heydər Əliyev Mərkəzində baş tutan və ümumilikdə 20-dən artıq vətəndaşın iştirak etdiyi qəbulda müxtəlif sahələri əhatə edən müraciətlər dinlənilib.
Qeyri-Hökumət Gənclər Təşkilatlarının yaradılması, müxtəlif layihələrin maliyyələşdirilməsi və onlara dəstək göstərilməsi, gənclərin beynəlxalq layihələrdə iştirakı, istirahət düşərgələrinin təşkili, gənclər mərkəzlərinin müvafiq avadanlıqlarla təmin edilməsi və fəaliyyəti gənclər sahəsini əhatə edən müraciətlər sırasında olub.
İdman sahəsində fəxri adların verilməsi, idman mərkəzlərinin idman avadanlıqları ilə təmin olunması, olimpiya idman komplesklərinin, idman mərkəzlərinin tikintisi və təmiri, uşaq gənclər və idman mərkəzlərinin və bölmələrin yaradılması, idmançıların beynəlxalq yarışlarda iştirakı və s. mövzular vətəndaşlar tərəfindən bu sahədə edilən müraciətlər sırasında öz əksini tapıb.
Bir sıra müraciətlər yerindəcə həllini tapıb. Araşdırılması tələb edilən məsələlər isə aidiyyatı qurumlara göndərilməsi üçün nəzarətə götürülüb.







