Yuxarı

​Azərbaycanda aylıq pensiyaların orta məbləği 12% artıb

Pensiyanın orta məbləği orta aylıq əmək haqqının 39%-nə bərabər olub

Bakı. 18 avqust. REPORT.AZ/ Azərbaycan Dövlət Sosial Müdafiə Fondunun (DSMF) sistemində bu ilin iyulun 1-i vəziyyətinə 1 285,0 min nəfər pensiyaçı qeydiyyatda olub və ölkə əhalisinin 13,6%-ni təşkil edib. Pensiyaçıların 61,1%-i yaşa, 28,1%-i əlilliyə, 10,8%-i isə ailə başçısını itirməyə görə pensiya alır. Bu barədə “Report”a Dövlət Statistika Komitəsindən məlumat verilib.

Təyin olunmuş aylıq pensiyaların orta məbləği ötən ilin müvafiq dövrü ilə müqayisədə 12,3% artaraq 172,2 manat təşkil edib və orta aylıq əmək haqqının 39,2%-nə bərabər olub.

DSMF-nin məlumatlarına əsasən, cari ilin yanvar-iyun aylarında pensiya və müavinətlərin maliyyələşdirilməsinə 1 393,3 mln. manat, yaxud əvvəlki ilin müvafiq dövrünə nisbətən 14,5% çox vəsait yönəldilib. Pensiya xərcləri 2013-cü ilin müvafiq dövrünə nisbətən 14,6% artaraq 1 359,6 mln. manat təşkil edib.

Hesabat dövründə əhaliyə 33,7 mln. manat məbləğində müavinət ödənilib ki, bunun da 31,5%-i hamiləliyə və doğuma görə, 27,3%-i əmək qabiliyyətinin müvəqqəti itirilməsinə görə, 16,9%-i dəfn üçün ödənilən, 24,3%-i isə digər müavinətlərin payına düşür.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin məlumatlarına görə, iyul ayının 1-nə 332,2 min nəfərə sosial müavinətlər təyin olunub. Yaşa görə müavinət alanların sayı 13,2 min nəfər, əlilliyə görə 125,3 min nəfər, ailə başçısını itirməyə görə 39,4 min nəfər, sağlamlıq imkanları məhdud olduğuna görə müavinət alan 18 yaşadək uşaqların sayı isə 64,8 min nəfər olub. Əmək pensiyası almaq hüququ olmayan 55,1 min nəfərə kommunal, nəqliyyat və digər xidmətlərə görə güzəştlərin əvəzinə müavinət verilib. Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların 517 nəfər qəyyumuna, eləcə də 9,9 min ailəyə 19,2 min uşaq üçün aylıq müavinət verilib. Uşaq müavinətlərini şəhid ailələrinin, müharibə əlillərinin, I və II qrup Çernobıl AES əlillərinin və müddətli hərbi xidmət qulluqçularının uşaqları alıblar. Bundan əlavə, 5,9 min 1 yaşadək uşağa görə 5,8 min ailəyə sosial müavinət verilib.

Əmək xəsarəti və ya peşə xəstəliyi nəticəsində 498 zərərçəkən kompensasiya alıb. Bununla yanası, 60,9 min nəfərə, o cümlədən 53,2 min uşağın doğulmasına görə, 4,5 min nəfərə radiasiya qəzası nəticəsində əlil olmuş şəxslərin müalicəsi üçün, 2,0 min nəfərə penitensiar müəssisələrində cəza çəkməkdən azad edilmiş şəxslərə və həyatını itirmiş 1,2 min nəfərin dəfni üçün birdəfəlik müavinət verilib.

Cari ilin ilk yarım ili ərzində Azərbaycan Respublikası qarşısında xüsusi xidmətlər göstərmiş 50,2 min nəfər aylıq təqaüd alıblar.

Qeyd edək ki, Azərbaycan prezidentinin 2014-cü il 17 mart tarixli fərmanına əsasən əlillik, ümumi xəstəlik, hərbi xidmət dövründə xəstələnmə, əmək zədəsi və peşə xəstəliyi, hərbi əməliyyatlar keçirilən zonada olmaqla əlaqədar və Çernobıl AES-də qəzanın ləğvi ilə əlaqədar səbəblərdən baş verdikdə I qrup əlil olaraq sosial müavinət alan vətəndaşlara aylıq məbləği 60 manat müəyyən olunmaqla prezident təqaüdü təsis edilib.

Bununla yanası, əlillərin sosial müdafiəsini gücləndirmək məqsədilə dövlət başçısının həmin fərmanına əsasən, 2014-cü il aprelin 1-dən müharibə əlillərinə təyin edilmiş prezident təqaüdünün aylıq məbləği I qrup müharibə əlilləri üçün 36,4%, II qrup üçün 52,9%, III qrup üçün 66,7% artırılıb və müvafiq olaraq 150, 130 və 100 manat müəyyən edilib.

Cari ilin iyul ayının 1-i vəziyyətinə ölkədə 126,6 min ailənin 555,2 min nəfər üzvü ünvanlı dövlət sosial yardımı alıb və hər bir nəfərə orta hesabla 29,36 manat ödənilib.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi