Yuxarı

​Azərbaycanda 418 min manat gecikdirilmiş ödənişlərin işçilərə ödənilməsi təmin olunub

Gecikdirilmiş sosial müavinət və kompensasiyaların məbləği 34 faiz azalıb

Bakı. 10 oktyabr. REPORT.AZ/ Azərbaycan Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinin (DƏMX) həyata keçirdiyi tədbirlər nəticəsində cari ilin yanvar-sentyabr aylarında ümumilikdə 418 207 manat məbləğində gecikdirilmiş sosial xarakterli ödəmələrin işəgötürənlər tərəfindən işçilərə ödənilməsi təmin olunub. Bu barədə “Report”a nazirliyin mətbuat xidmətindən məlumat verilib.

Məlumata görə, həmin vəsaitin 388 125 manatını əmək haqları, 19 767 manatını zərərə görə ödənclər, 10 315 manatını isə sosial müavinət və kompensasiyalar təşkil edib.

Nazirliyin məlumatına görə, qeyd olunan istiqamətdə dövlət nəzarətinin gücləndirilməsi nəticəsində işçilərə əmək haqlarının və digər sosial xarakterli ödənişlərin gecikdirilməsi halları tədricən azalır. Belə ki, hesabat dövründə ötən ilin müvafiq dövrü ilə müqayisədə gecikdirilmiş əmək haqlarının məbləği 19,1 faiz, gecikdirilmiş zərərə görə ödənclərin məbləği 15,3 faiz, gecikdirilmiş sosial müavinət və kompensasiyaların məbləği isə 34 faiz azalıb.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi