Yuxarı
    Bağlamaq

    Azərbaycanın birinci xanımı Türkandakı respublika xüsusi internat məktəbinin açılışında iştirak edib

    6 saylı respublika xüsusi internat məktəbi yenidənqurma işlərindən sonra istifadəyə verilib
    • Bakı. 15 sentyabr. REPORT.AZ/ Sentyabrın 15-də Bakının Xəzər rayonunun Türkan qəsəbəsində sağlamlıq imkanları məhdud uşaqlar üçün 6 saylı respublika xüsusi internat məktəbi yenidənqurma işlərindən sonra istifadəyə verilib. Report-un məlumatına görə, Heydər Əliyev Fondunun təşəbbüsü ilə yenidən qurulan internat məktəbinin açılış mərasimində Azərbaycanın birinci xanımı, Fondun prezidenti, Milli Məclisə Xəzər rayonundan deputat seçilmiş Mehriban Əliyeva iştirak edib.

    • Qeyd edək ki, internat məktəbi Heydər Əliyev Fondunun “Uşaq evləri və internat məktəblərinin inkişafı” Proqramı çərçivəsində yenidən qurulub.
    • Məktəbdə nitq qüsuru olan 175 şagird təhsil alır və yaşayır. İnternat məktəbində yeni korpuslar tikilib, müasir avadanlıq quraşdırılıb. Burada şagirdlər ümumi təhsil almaqla yanaşı loqopedlər tərəfindən müalicə olunurlar. Onlara müalicəvi bədən tərbiyəsi və musiqili ritmika dərsləri keçirilir. Məktəbin üçmərtəbəli tədris korpusu tamamilə yenidən qurulub, müasir sinif otaqları, kompüter, kitabxana, yeni idman zalı, aviasiya bilikləri, rəsm otaqları, xalçaçılıq kabineti, istirahət, şahmat otaqları yaradılıb, mebel və digər lazımi avadanlıqla təmin olunub. Məktəbdə 200 nəfərlik yeni yeməkxana, həkim, inyeksiya otaqları və tibb məntəqəsi fəaliyyət göstərir. Təhsil ocağında şagirdlərin gecələməsi üçün 20 palata, hər biri 60 nəfərlik 2 televizor zalı, 120 nəfərlik akt zalı var. Məktəbdə ikimərtəbəli yeni tədris-istirahət və məişət korpusları da tikilib, ərazidə müxtəlif idman ləvazimatları ilə təchiz edilən futbol, voleybol və basketbol meydançaları inşa edilib. Burada əsaslı abadlıq və yaşıllaşdırma işləri aparılıb. Yenidənqurma işlərindən sonra məktəb kompleksi 4 korpusdan, açıq tipli 3 idman meydançasından və 1 qapalı idman zalından ibarətdir.
    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi