Astarada “Uşaqları və yeniyetmələri insan alverinin acı nəticələrindən qoruyaq!” adlı təlim keçirilib

Astarada “Uşaqları və yeniyetmələri insan alverinin acı nəticələrindən qoruyaq!” adlı təlim keçirilib “Hüquqi Yardım” İctimai Birliyi Astara rayonunda “Uşaqları insan alverinin acı nəticələrindən qoruyaq!” layihəsi çərçivəsində birgünlük təlim təşkil edib.
Sosial müdafiə
15 Noyabr , 2019 16:01
Astarada “Uşaqları və yeniyetmələri insan alverinin acı nəticələrindən qoruyaq!” adlı təlim keçirilib

“Hüquqi Yardım” İctimai Birliyi Astara rayonunda “Uşaqları insan alverinin acı nəticələrindən qoruyaq!” layihəsi çərçivəsində birgünlük təlim təşkil edib. 

Birlikdən "Report"a verilən məlumata görə, “Şindan” hotelində baş tutan tədbir Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə yardımı ilə həyata keçirilib. 

Təlimdə Astara rayonunda yerləşən orta, orta-texniki məktəblərin şagirdləri, gənclər təşkilatlarının nümayəndələri iştirak ediblər.

Təlimdə 25 gəncə insan alveri və onun uşaq və yeniyetmələrin həyatında buraxdığı acı nəticələr, insan alverinin fəsadları, onun həyata keçirilməsinin forma və metodlarından bəhs edilib. Təlimdə Birliyin təlimçisi Qafar Cəfərov və hüquqşünası İlqar Qasımov insan alveri, bu bəlanı doğuran səbəblər, insan alverinin nəticələri, insan alveri ilə aparılan mübarizə, bu mübarizənin qanuni əsasları, məcburi əmək və onunla əlaqədar aparılan hüquqi tədbirlər və s. barədə təlim keçiblər.

Tədbirdə insan alveri anlayışı, insan alveri qurbanları və potensial qurbanlarla işləmə prinsipləri, qurbanların sosial və hüquqi müdafiəsi, Azərbaycan regionları üçün spesfik olan insan alveri formaları, insan alverinə qarşı mübarizə tədbirləri, onun profilaktikası, insan alveri qurbanlarının müdafiə edilməsi və onlara köməklik göstərilməsinin hüquqi və təşkilati əsasları barədə məlumat verilib. İnsan alveri qurbanlarının reabilitasiyası və reinteqrasiyası, onların müdafiəsi ilə bağlı nəzərdə tutulan çoxşaxəli tədbirlər, insan alveri qurbanları üçün sosial reabilitasiya mərkəzləri, vətəndaşların insan alveri qurbanına çevrilməməsi üçün nələri bilmələri haqda danışılıb.

Təlimdə “İnsan alverinə qarşı mübarizə haqqında” Azərbaycan Respublikasının Qanunu, “Azərbaycan Respublikasında insan alverinə qarşı mübarizə üzrə Milli Fəaliyyət Planı” ətraflı təhlil edilib, Astara rayonu ərazisində fəaliyyət göstərən ictimaiyyət üzvləri üçün insan alveri ilə mübarizə barədə dolğun bilgilər verilib.

Təlim interaktiv şəraitdə davam etmiş və təlimin sonunda iştirakçıların çoxsaylı sualları təlimçilər tərəfindən ətraflı cavablandırılıb.

Təlimdən sonra Astara sərhəd kömrük-keçid məntəqəsində insanlara “Uşaqları insan alverinin acı nəticələrindən qoruyaq!” adlı bukletlər paylanılıb.

Son xəbərlər

Orphus sistemi